RİMM-də əfsanəvi sənətkar Müslüm Maqomayevin 70 illik yubileyi qeyd edilmişdir
Bakı, 19 sentyabr (AZƏRTAC). Sentyabrın 19-da Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) görkəmli musiqiçi Müslüm Maqomayevin 70 illiyinə həsr edilmiş tədbir olmuşdur.
RİMM-in rəhbəri Ənvər Şeyxov tədbiri açaraq Müslüm Maqomayevi iki ölkənin - Azərbaycan və Rusiyanın sarsılmaz mədəni əlaqələrinin təcəssümü adlandırmışdır.
Dahi sənətkarın dostu, kinorejissor Eldar Quliyev demişdir ki, M.Maqomayev heyrətamiz bir insan, sözün əsl mənasında aristokrat idi. Rejissor demişdir: “İkinci elə bir ifaçı tapmaq çətindir ki, həm klassik, həm də müasir musiqini, Azərbaycan xalq musiqisini belə gözəl ifa etsin”. O, belə hesab edir ki, Müslüm Maqomayev dahi Üzeyir Hacıbəylinin “Sənsiz” romansını ifa etməsi ilə bu əsərə yeni can vermiş, onu Avropa romansına çevirmişdir. Müslüm Maqomayevin insani keyfiyyətlərindən bəhs edən, onu son dərəcə səxavətli insan adlandıran Eldar Quliyev demişdir. “O, bizi tərk etməmişdir. Nə qədər ki, onun mahnıları sevilir, deməli, o, hələ sağdır”.
Yazıçı publisist, Milli Məclisin deputatı Elmira Axundova yubilyar haqqında təəssüratlarını bölüşərkən qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında kitab yazarkən ona M.Maqomayevdən müsahibə almaq səadəti nəsib olmuşdur. O, demişdir: “Hər bir kəsin qəlbində özünəməxsus bir Müslüm vardır. Mən xoşbəxtəm ki, onunla və həyat yoldaşı Tamara Sinyavskaya ilə ünsiyyətdə olmuşam”.
M.Maqomayevi planetimizin dahi baritonu, bütün dünya mədəniyyətinə məxsus ifaçı adlandıran müğənni Rəşidə Rəşid böyük sənətkarla ünsiyyətindən aldığı təəssüratlarını bölüşmüşdür.
Kinorejissor Ziya Şıxlinski Müslüm Maqomayev haqqında ən yaxın qohumlarından eşitdiklərini danışmış, onun vəfatının beşinci ildönümü üçün dahi maestro haqqında sənədli film çəkəcəyinə söz vermişdir.
Tədbir çərçivəsində Rusiyanın tanınmış rəssamı İrina Zaqovorçevanın əsərlərindən ibarət “Müslüm Maqomayev: Qızıl günəşin şüası” adlı sərgisinin açılışı olmuşdur. Bu, İ.Zaqovorçevanın Bakıda keçirilən beşinci sərgisidir.
Sərgidə müasir dövrün böyük ifaçısının həyat və yaradıcılığına və onun doğma şəhərinə - günəşli Bakıya həsr olunmuş qrafika əsərləri və fotoşəkillər nümayiş etdirilir.
İ.Zaqovorçeva demişdir: “Müslüm Maqomayev dahi insan, dahi musiqiçi və sənətkardır. Mən xoşbəxtəm ki, onunla ünsiyyətdə olmuşam, onun füsunkar təbəssümünü görmüşəm”. Rəssam etiraf etmişdir ki, o, Azərbaycanı çox sevir və onun gözəlliyini bütün dünyaya göstərmək istəyir. O, sözünə belə yekun vurmuşdur: “Mən həmişə Bakıya çox böyük sevinclə, qarşılaşdığım səmimiyyətə və xeyirxahlığa görə minnətdarlıq və məhəbbət hissi ilə gəlirəm. Bakı mənim ikinci vətənimdir və mən məmnuniyyətlə burada yaşayardım”.
İrina Zaqovorçeva AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, bu il ərzində onun 4 fərdi sərgisi olmuşdur ki, bunların da ikisi Müslüm Maqomayeva həsr edilmişdir. İyunun 5-də Berlindəki Rusiya Elm və Mədəniyyət Mərkəzində “Müslüm Maqomayev. Sən mənim melodiyamsan” adlı sərgi keçirilmişdir. İyunun 19-da bu sərgi Polşanın Hoyna şəhərinin Mədəniyyət Mərkəzində açılmışdır. Bu şəhər Almaniya ilə sərhəddə yerləşir. Dahi sənətkarın 1945-ci il aprelin 24-də cəbhədə həlak olmuş atası Məhəmməd Maqomayev burada, sovet döyüşçülərinin qardaşlıq məzarında dəfn edilmişdir. İ.Zaqovorçeva demişdir: “Gənclərlə görüşərkən mən böyük sənətkar Müslüm Maqomayevin ifasında mahnılar yazılmış diski dinləməyə qoydum, gənclər bu istedada o qədər valeh oldular ki, onun atasının məzarını ziyarət etməyi özlərinə borc bildilər. Sərginin açılışından əvvəl Məhəmməd Maqomayevin məzarı üzərinə təzə-tər çiçəklər düzülməsi mərasimi oldu. Bu tədbirdə şəhər rəhbərliyinin nümayəndələri iştirak etdilər. Sərgini şəhərin burmistri Adam Fyodoroviç açdı”.
Bugünkü tədbir çərçivəsində gənc ifaçılar konsert vermiş, əfsanəvi sənətkar Müslüm Maqomayevin sevimli mahnılarını ifa etmişlər.