ROMAN KARMENİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞDUR
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında bildirmişdir ki, Roman Karmenin “Xəzər neftçiləri haqqında dastan” (1953) və “Dənizi fəth edənlər” (1959) filmləri sənədli kinonun inkişafına böyük töhfə vermişdir. Filmlər gözəl kollektiv tərəfindən yaradılmışdır. Ssenari müəllifi İmran Qasımov, operatorlar Sergey Medınski və Cavanşir Məmmədov, bəstəkarı Qara Qarayevdir. Dünya kinematoqrafının qızıl fonduna həmişəlik daxil edilən həmin lentlər sənədli film çəkən rejissorlar üçün gözəl məktəb olmuş və olmaqdadır.
Filmlərin əsas qəhrəmanlarından biri, hazırda ARDNŞ-in birinci vitse-prezidenti olan Xoşbəxt Yusifzadə xatırlayır ki, çəkilişlərdə bir çox neftçilər iştirak etmişlər. Roman Lazareviç həftələrlə əsil fırtına gözləyir və dublyorsuz, risk edərək nadir kadrlar çəkirdi, sonra isə uzun müddət xəstə yatırdı.
Roman Karmen İspaniyada vətəndaş müharibəsi epizodları çəkmişdir, Çin xalqının azadlıq uğrunda mübarizəyə həsr olunmuş kino buraxılışlarının müəllifi idi. Böyük Vətən müharibəsi illərində isə cəbhə kino qruplarına, Nürnberq prosesinin çəkilişlərinə başçılıq etmişdi. Onun yaradıcılığında beynəlxalq publisistika mühüm yer tuturdu. Bu gözəl ustadın yaradıcılığı haqqında çox danışmaq olar. Lakin onun məhz Azərbaycan neftçiləri haqqında lentləri Lenin mükafatına layiq görülmüşdü. Həmin mükafat SSRİ-də çox böyük xidmətlərə görə verilirdi.
Ustadın Azərbaycanda qeyd olunan yubiley mərasimində oğlu Roman Romanoviç Karmen, bir çox filmlərini birlikdə çəkdiyi operator Sergey Medınski iştirak edirdilər.
Sonda “Xəzər neftçiləri haqqında dastan” və “Dənizi fəth edənlər” sənədli filmləri göstərilmişdir.