Rüfət Quliyev: Fransa hər yerdə özünü “demokratiyanın atası” kimi göstərir

Bakı, 14 mart, AZƏRTAC
Fransa hər yerdə özünü “demokratiyanın atası” kimi göstərir, bu rolu oynamaq istəyir. Amma Korsikada gedən proseslər onu nümayiş etdirir ki, Prezident Makronun siyasəti heç də belə deyil, hətta insanların haqlı hüquqlarını kifayət qədər pozan bir siyasətdir. Korsikada yaşayan insanların öz tarixi və ənənələri var. Fransanın bu siyasəti Avropada heç kimi təəccübləndirmir. Çünki Fransa NATO-nun, BMT Təhlükəsizlik Şurasının üzvüdür və güclü dövlətdir. Onun keçmişdəki siyasətindən, Afrikadakı, Hind-Çin yarımadasındakı ölkələri və başqa dövlətləri istismar etməsindən, orada yaşayanların hüquqlarını pozmasından, iqtisadi resurslarını talan etməsindən saatlarla danışmaq olar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Rüfət Quliyev söyləyib.
“Bizim siyasətimizlə Fransanın siyasətini heç cür müqayisə etmək olmaz. Çünki Prezident İlham Əliyevin təklif etdiyi planda biz Qarabağda yaşayan etnik ermənilərə azərbaycanlılarda olan bütün hüquqlarının şamil edilməsinə tam təminat veririk. Dünya siyasətində ikitirəlik, hətta üçtirəlik mövcuddur. Güclü ölkələrə və ya dünyada aparıcı, nəhəng şirkət sahiblərinə sərf edən siyasət müdafiə olunur, həyata keçirilir. Bunu biz son 30 ildə görürük. Dünya güc dünyasıdır, güc kimdədirsə, onun maraqları təmin olunur”, - deyə deputat vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycan bu gün regionda ən güclü dövlətlərdən birinə çevrilib, dünya arenasında istər siyasət, istər beynəlxalq münasibətlər, istərsə də iqtisadi cəhətdən nüfuzu gündən-günə artır. Ona görə də Azərbaycan öz milli maraqlarımızı müdafiə etməyə qadirdir. “Ancaq biz Prezident Makron başda olmaqla, digər fransız siyasətçilərin “məqsədli” addımlarını pisləyirik. Onlar özlərini xaricdə bir cür, daxildə isə başqa cür aparırlar. Amma bunun da bir sonu var. Düşünürəm ki, Korsika xalqı sonadək mübarizə aparacaq və özünün haqlı tələblərinə nail olacaq, ədalət bərqərar olacaq”, - deyə deputat fikirlərini tamamlayıb.