RUMINİYA-AZƏRBAYCAN TİCARƏT-SƏNAYE PALATASININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
G. Draqomir başçılıq etdiyi palatanın gördüyü işlərdən danışaraq, onun üzvü olan şirkətlərin Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını söylədi. Daha sonra Rumıniya-Azərbaycan ticarət-sənaye palatasının prezidenti palataya üzv şirkətlərdən biri olan ''Neptun'' şirkətinin kommersiya direktoru Rudolf Leikanı və texniki və istehsal məsələləri üzrə meneceri Florian Vişanı təqdim etdi. ''Neptun'' şirkətinin nümayəndələri istehsal etdikləri quyu nasosları və digər avadanlıqlar haqqında ARDNŞ rəhbərinə məlumat verdilər və həmin avadanlıqların dünyanın neft istehsal edən bir çox ölkələrində istifadə olunduğunu söylədilər. Vaxtilə Azərbaycana da iki belə quyu nasosu göndərdiklərini bildirən qonaqlar, ARDNŞ-lə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğuladılar. ARDNŞ prezidenti Rövnəq Abdullayev ARDNŞ-in istər ''Neptun'' şirkəti ilə, istərsə də neft-qaz sahəsində fəaliyyət göstərən digər tanınmış rumın şirkətləri ilə əməkdaşlığa hazır olduğunu bildirdi. Görüşdə tərəfləri maraqlandıran digər məsələlərə də toxunuldu.