RUMINİYANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Rumıniyanın ölkəmizdəki səfiri Nikolaye Ureke mərasimə toplaşanları bayram münasibətilə salamlayaraq bildirmişdir ki, bu bayramın tarixi 1918-ci ilə təsadüf edir və həmin vaxtda Rumıniya ərazisindəki dörd bölgə birləşərək, indiki dövləti yaratmışlar. Hazırda ölkəsinin sürətlə inkişaf etdiyini və artıq NATO-nun üzvü olduğunu söyləyən səfir, Rumıniya və Azərbaycan arasında hərtərəfli əlaqələrin son illər, xüsusən 2004-cü ildə Prezident İlham Əliyevin Rumıniyaya səfərindən sonra dinamik şəkildə inkişaf etdiyini vurğulamışdır.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxış edərək, əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, dost Rumıniya xalqına əmin-amanlıq, sülh, firavanlıq arzularını yetirmiş, Azərbaycanla Rumıniya arasında ənənəvi dostluq münasibətlərinin tarixindən danışmış, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirmişdir.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.