“Rus ədəbiyyatı tarixi”nin birinci cildi nəşr olunub
Bakı, 1 mart, AZƏRTAC
“Mütərcim” nəşriyyatı filologiya üzrə elmlər doktoru, Əməkdar müəllim, professor Telman Cəfərovun (Vəlixanlı) müəllifi və tərtibçisi olduğu “Rus ədəbiyyatı tarixi” adlı ali məktəblər üçün dərs vəsaitini nəşr edib.
Bakı Slavyan Universitetinin (BSU) Mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, dərs vəsaitində qədim və XVIII əsr rus ədəbiyyatına aid əsas əsərlər təhlil edilir, orta əsrlər rus ədəbiyyatında türk-slavyan əlaqələrinin təsvirinə, avrasiyaçılıq ideyalarına xüsusi diqqət yetirilir. Göstərilən dövrlərə aid rus ədəbiyyatından tərcümələrin kifayət qədər olmamasını və orta əsrlər rus ədəbiyyatına aid ədəbi nümunələrin orta məktəbi Azərbaycan dilində bitirmiş təhsilalanlar üçün orijinal dildə adekvat şəkildə qavranılmasında problemlərin mövcudluğunu nəzərə alaraq, professor T.Cəfərov tədris vəsaitinə ədəbiyyat tarixinə dair materiallarla yanaşı, müxtəlif janrlarda əsərləri və ya onlardan parçaların tərcümələrini daxil edib. Vəsaitin müntəxəbat hissəsində təqdim olunan əsərlərin bir qismi (“Kazan tarixi” və Karamzinin “Rus dövlətinin tarixi”indən parçalar, A.Kantemir, M.Lomonosov, Q.Derjavin və A.Sumarokov yaradıcılığından poetik nümunələr) müəllif tərəfindən dilimizə ilk dəfə tərcümə edilib. Bununla yanaşı, kitaba bu dövrlərə aid ədəbiyyat tarixini tədqiq və universitetlərimizdə tədris etmiş tanınmış ədəbiyyatşünas və pedaqoqlar Abuzər İsmayılov və Rüstəm Kamalın, eləcə də görkəmli ədəbiyyatşünas və tərcüməçi Hüseyn Şərifin tərcümələri daxil edilib.
Bakı Slavyan Universitetinin 75 illik yubileyi ərəfəsində nəşr olunan bu kitabı müəllif müasir Azərbaycan filologiyasının zənginləşməsində, bir neçə nəsil Azərbaycan filoloqlarının hazırlanmasında və universitetdə formalaşmış elmi məktəb və istiqamətlərin inkişafında xüsusi xidmətləri olmuş əməkdar elm xadimləri, professorlar Məmməd Tağıyevin, Murtuz Sadıxovun, Həbib Babayevin, Firudin Hüseynovun, professor Bəşir Əhmədovun və dünyasını dəyişmiş digər müəllimlərinin əziz xatirəsinə həsr edib və onlara ünvanlanan ithafı “Ruhunuz şad olsun, Qarabağımız və düşmən tapdağında olan digər torpaqlarımız azad edildi!” sözləri ilə tamamlayıb.
Kitaba yazılmış “Ön söz”də dərs vəsaitinin digər məziyyətləri də vurğulanıb.
Rus ədəbiyyatı tarixinin qədim və XVIII əsr dövrü, rus salnamələri və digər ədəbi abidələr həm də onunla maraqlıdır ki, burada ümumtürk tarixi, türk xalqları və etnoslarının mövcud olduqları tarixi-mədəni areal, onlara məxsus maddi-mənəvi irs və dəyərlər, eləcə də Böyük (Poloves) Çöl və Türküstan, tarixi Azərbaycan torpaqları, Səfəvilər dövləti, xanlıqlar, Osmanlı imperiyası ilə bağlı məlumatlar sistemli şəkildə, ədəbi mərhələlər üzrə təqdim olunur. Böyük Avrasiya dövləti kimi Rusiyanın formalaşmasında və genişlənməsində Çingizxan imperiyasının və onun parçalanması nəticəsində yaranmış xanlıqların, eləcə də Osmanlı imperiyasının rolunu sübut edən ədəbi əsərlərin təhlilinə (“Qaliç-Volın salnaməsi”, “Aleksandr Nevskinin hekayəti”, “Məhmət sultan hekayəti”, “Kazan tarixi”, səfir povestləri və kosmoqrafiyalar, səyahətnamələr və s.) xüsusi önəm verilir. XVIII əsrdə Rusiyanın avropalaşdırılması, ən yeni fəlsəfi-didaktik və mütərəqqi ideyaların, ədəbi cərəyan və istiqamətlərin, görüşlərin bu imperiyaya gətirilməsi, özünü liberal elan edən, ədəbiyyat və jurnalistika sahələrini də inhisarında saxlamağa cəhd göstərən II Yekaterina ilə ilk rus masonu və satirik jurnalların təsisçisi Hovikov, maarifpərvər yazıçılar Fonvizin, Derjavin, Karamzin və Radişşev arasında yaranan ciddi fikir ayrılıqları qabardılır.
Kütləvi oxucu üçün nəzərdə tutulmasına baxmayaraq, bu dərs vəsaiti kredit sistemi ilə təhsil alan tələbələrə ixtisas və fənn üzrə biliklər toplamaq, onların cari və aralıq qiymətləndirilməsini aparmaq istiqamətində gərəkli tədris vəsaiti kimi də dəyərləndirilə bilər.