RUSİYA-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİ STRATEJİ TƏRƏFDAŞLIQ SƏVİYYƏSİNƏ ÇIXMIŞDIR
O demişdir: “Tərəflər qarşılıqlı əməkdaşlığın müxtəlif cəhətləri barədə fikir mübadiləsi aparır, qarşılıqlı siyasi fəaliyyətin irəliləməsi, ticarət-iqtisadi əlaqələrin genişlənməsi və keyfiyyətinin yüksəlməsi tədbirlərini müzakirə edirlər”.
M.Kamınin Azərbaycanda Rusiya İlinin təntənəli açılışı məsələsinə toxunaraq bildirmişdir ki, milli illərin mübadiləsi haqqında razılaşma 2004-cü ilin fevralında əldə edilmiş, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının 2004-cü il 6 fevral tarixli Moskva Bəyannaməsində təsbit olunmuşdur. Ötən il Rusiyada Azərbaycan İli uğurla keçmişdir. Rusiya İlinin keçirilməsi ikitərəfli münasibətlərin möhkəmlənməsinə, siyasi əlaqələrin dərinləşməsinə, iqtisadiyyat, elm, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əlaqələrin daha da genişlənməsinə təkan verəcəkdir. O qeyd etmişdir ki, Rusiya İlinin keçirilməsi planında ölkələrimizin xalqlarının ümumi mədəni irsinin qorunub saxlanmasına, Rusiya və Azərbaycan vətəndaşları arasında ünsiyyətin inkişafına, ictimai təşkilatların qarşılıqlı fəaliyyətinə, ümumi təhsil, mədəniyyət və informasiya məkanının formalaşmasına yönəldilmiş müxtəlif tədbirlər nəzərdə tutulmuşdur.
Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin inkişafından söhbət açan M.Kamınin qeyd etmişdir ki, ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 40 faizdən çox artmış və demək olar, bir milyard dollara yaxınlaşmışdır. Yanacaq-energetika kompleksində, nəqliyyat, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlıq inkişaf edir. Azərbaycan ilə geniş təsərrüfat əlaqələri saxlayan Rusiya regionları ikitərəfli iqtisadi fəaliyyətə sanballı töhfə verirlər. İndi gündəlikdə iki ölkənin təsərrüfat subyektlərinin daha sıx kooperasiyası, müxtəlif sahələrdə birgə layihələr hazırlanması, iqtisadi əməkdaşlığın müqavilə-hüquq bazasının genişlənməsi məsələləri durur.
RF XİN-in İnformasiya və Mətbuat Departamentinin rəsmi məlumatında deyilir ki, ikitərəfli dialoq zamanı Xəzərlə bağlı problemlər, o cümlədən Xəzərdə təhlükəsizliyin təmin olunması, habelə regional və beynəlxalq vəziyyətin inkişafına dair bəzi digər məsələlər müzakirə ediləcəkdir. Əlbəttə, görüşlərdə Dağlıq Qarabağ probleminin nizama salınması ətrafında vəziyyət də nəzərdən keçiriləcəkdir.
Rəsmi məlumatda vurğulanır ki, “Bu problemin həll olunmaması bütün Qafqaz ölkələrini, eləcə də Rusiyanı narahat edir. Rusiya Qarabağ düyününün açılması yollarının axtarışına bundan sonra da fəal kömək göstərəcəkdir. Rusiyanın bu məsələdə prinsipial mövqeyi dəyişməz qalır. Biz bunu əsas tuturuq ki, nizamasalma formulunun qəti surətdə seçilməsinə görə başlıca məsuliyyət azərbaycanlıların və ermənilərin öz üzərinə düşür. Rusiya problemin həllinin münaqişəyə cəlb olunmuş tərəfləri razı salacaq variantını dəstəkləməyə, kompromisli razılaşma əldə olunduğu halda isə, nizamasalmanın qarantı kimi çıxış etməyə hazırdır”.