Rusiya Dövlət Duması “Əmək rəşadəti şəhəri” adının təsis olunması barədə qanun layihəsini təsdiqləyib
Moskva, 20 fevral, AZƏRTAC
Rusiya Dövlət Duması “Əmək rəşadəti şəhəri” fəxri adının təsis olunması barədə qanun layihəsini təsdiq edib.
AZƏRTAC xəbər verir ki, layihəyə əsasən, fəxri ad Böyük Vətən müharibəsi illərində döyüş əməliyyatları getməyən, lakin sakinləri hərbi və mülki təyinatlı məhsullar istehsal edən müəssisələrdə fasiləsiz işi təmin etmiş, kütləvi əmək fədakarlığı göstərmiş şəhərlərə veriləcək.
Xatırladaq ki, qanun layihəsinin müzakirəsi zamanı Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycan paytaxtına da “Əmək rəşadəti şəhəri” adının verilməsini təklif etmişdi. O vurğulamışdı ki, bu ada postsovet məkanındakı şəhərlər də layiqdirlər. “Məsələn, Bakıya “Qəhrəman şəhər” adı verilməsi məsələsi dəfələrlə qaldırılıb. Böyük Vətən müharibəsi dövründə Bakı sakinləri sovet tanklarını və təyyarələrini yanacaqla təchiz etmək üçün gecə-gündüz işləyiblər. Müharibə illərində Azərbaycanda “Bizim Stalinqrad hər bir neft quyusunun yanındadır” sözləri yazılmış plakatlar asılmışdı. Sovet ordusu üçün lazım olan bütün yanacağın 80 faizi buradan daxil olurdu”, - deyə o bildirib.
Rusiyalı deputat Böyük Vətən müharibəsində Qələbənin keçmiş sovet xalqının birgə səyləri sayəsində qazanıldığını nəzərə alaraq, Bakıya da bu yüksək adın verilməsini təklif edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva