Rusiyalı azarkeş: Futbol siyasiləşdirilməməlidir
Bakı, 29 may, AZƏRTAC
İlk dəfə Bakıdayam. Çox gözəl şəhərdir. Yeri gəlmişkən, belə ciddi irimiqyaslı idman tədbirinə ilk dəfə tamaşa edəcəm. Təşkilatçılıq yüksək səviyyədədir. Azarkeşlərin təhlükəsizliyinin və mühafizəsinin əsaslı təşkil edilməsinə görə təşəkkür etmək istəyirəm. Burada polislər çox nəzakətlidir. Yolu tapmağımıza həmişə kömək edirlər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində UEFA Avropa Liqasının bu gün keçiriləcək final matçına tamaşa etmək üçün Rusiyanın Həştərxan şəhərindən dostu ilə birlikdə Bakıya gəlmiş azarkeş Rafiq Osmanov söyləyib. O deyib: “Əslində, futbol siyasiləşdirilməməlidir. Mən çox şadam ki, Avropa Liqasının final matçının keçirilməsi üçün Bakı seçilib. Əgər final matçının Çində, yaxud Avstraliyada keçirilməsi qərara alınsaydı, buna yerli azarkeşlər sevinəcəkdilər. Axı dünyanın hər yerində “Çelsi” və “Arsenal”ın azarkeşləri var. Amma matçı Bakıda keçirmək qərara alındı. Bütün Qafqazın və Rusiyanın futbol fanatları buna görə təşəkkür edirlər. Azərbaycanla Həştərxan vilayəti arasında münasibətlər yüksək səviyyədədir. Azərbaycanda çoxlu dostlarım var. Ötən il mayın sonunda Həştərxanda Bakı Biznes Mərkəzinin açılışı olub. Bildiyimə görə, Bakıda Həştərxan İşgüzar Mərkəzi 2019-cu ilin payızında açılacaq”.