Rusiyalı turist: Bakı idman yarışlarının təşkili baxımından bütün beynəlxalq normalara tam uyğundur
Bakı, 29 may, Əziz Məmmədov, AZƏRTAC
Ötən il Rusiyada futbol üzrə dünya çempionatı keçirildi. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası Şurası bu çempionatı turnirin keçirildiyi tarix ərzində ən yaxşısı hesab etdi. Mundialın gedişində biz çempionatın keçirildiyi Kazana, Nijni Novqoroda səyahət etdik. Sözsüz ki, Moskvada keçirilən yarımfinal matçını da izlədik. Hər şey gözəl təşkil olunmuşdu. Bizim burada gördüklərimiz belə hesab etməyə əsas verir ki, Bakı idman yarışlarının təşkili baxımından bütün beynəlxalq normalara tam uyğundur. Avropa Liqasının finalını izləmək üçün aldığımız biletlərə ictimai nəqliyyatda pulsuz gedişlər daxil edilib. Həmçinin hava limanından da bizi pulsuz gətirdilər. Prinsipcə bu, böyük bonusdur. Təhlükəsizlik sarıdan da hər şey əladır. Bu vaxtadək Yurgen Kloppun Avropa Liqasının final matçının Azərbaycan paytaxtında keçirilməsinin məqsədəuyğun olmaması barədə dediklərinin hamısı əsassızdır.
AZƏRTAC xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Rusiyanın paytaxtından dostları ilə Bakıya Avropa Liqasının bugünkü final matçını izləməyə gələn azarkeş Pavel Savenok bildirib. O deyib: “Biz Bakıya beşgünlük gəlmişik: iki gün oyundan əvvəl, daha iki gün matçdan sonra qalacağıq. Biz bu qonaqpərvər şəhərdə istirahət edəcəyik. Düzdür, məqsədyönlü şəkildə futbola baxmağa gəlmişik, lakin həm də sizin gözəl paytaxtınıza tamaşa etmək, dənizdə dincəlmək istəyirik. Heyif ki, indi kurort mövsümü deyil, dənizdə çimmək üçün sərindir. Biz çox istərdik ki, şəhərdən kənara gedək, yerli çimərliklərdə olaq. Sizin Dənizkənarı Bulvarınız çox xoşumuza gəlir. Bu, özünün Venesiyası olan böyük və gözəl sahilboyudur”.