Rusiyanın yüngül atletləri müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb
Bakı, 14 noyabr, AZƏRTAC
“İnterfaks” agentliyi Ümumrusiya Yüngül Atletika Federasiyasının (ÜYAF) Baş katibi Mixayıl Butova istinadla xəbər verir ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) ÜYAF-ı öz himayəsi altında keçirilən yarışlardan müvəqqəti olaraq kənarlaşdırıb. Agentlik Butovun sözlərini sitat gətirib: “Ümumrusiya Yüngül Atletika Federasiyası müvəqqəti olaraq kənarlaşdırılıb. Kənarlaşdırma proseduru üzrə komissiya yaradılır və ona müstəqil mütəxəssis başçılıq edəcək”.
IAAF-ın prezidenti Sebastyan Kou isə bildirib ki, bu, RF-yə qarşı müvafiq vəziyyətdə istifadə oluna biləcək ən sərt sanksiyadır. O deyib: “Müzakirələr zamanı biz razılaşdıq ki, dopinq təkcə Rusiyanın deyil, bütün idmançıların problemidir. Biz aydın şəkildə bildirdik ki, yalana yol verilməyəcək. Federasiyalar və idmançılar vəziyyəti düzəltməkdə və idmanda etibarı bərpa etməkdə qətiyyətli olmalıdırlar”.
TASS xəbər verir ki, bu qərar Rusiya yüngül atletlərinin 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Olimpiya oyunlarında iştirakını sual altında qoyur. Lakin RF-nin idman naziri Vitali Mutko bildirib ki, ÜYAF-ın kənarlaşdırılması müvəqqətidir və “hər şey düzələ bilər”.
Ümumdünya Antidopinq Agentliyi (WADA) IAAF-ın qərarını alqışlayıb. Təşkilatın prezidenti Kreyq Ridi deyib: “Bu “təmiz” idmançılar üçün yaxşı xəbərdir. Bunlar hamısı idmanda müsbətə doğru dəyişikliyin əldə edilməsi üçün lazımi və güclü tədbirlərdir”.
Xatırladaq ki, noyabrın 9-da WADA ÜYAF-ın, Moskva dopinq laboratoriyasının, Rusiya Antidopinq Agentliyinin və RF idman nazirliyinin fəaliyyəti barədə təhqiqatının yekunlarını dərc edib. Agentlik rəsmi şəxslər və idmançılara qarşı bir sıra ittiham irəli sürüb və Rusiya assosiasiyasını diskvalifikasiya etməyə çağırıb.
Məruzənin fəsillərindən biri Lozanna antidopinq laboratoriyasının fəaliyyətinə həsr olunub. Burada yazılır ki, laboratoriya, WADA-nın göstərişlərinə baxmayaraq, Moskvadan göndərilən 67 nümunəni məhv edib. Rusiyada, həmçinin laboratoriyanın özündə bu cür ittihamlardan boyun qaçırıblar və bildiriblər ki, nümunələr reqlamentə müvafiq olaraq məhv edilib.