Sabirabadda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir
Sabirabad, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Sabirabad Rayon İcra Hakimiyyətində keçirilən toplantıda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonda məskunlaşan xocalıların da iştirak etdiyi tədbirin iştirakçıları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, həmçinin Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov tədbiri giriş sözü ilə açaraq Xocalı faciəsinin insanlığın tarixinə ən dəhşətli terror aktı, soyqırımı kimi daxil olduğunu bildirmiş, bu faciənin iki əsrdən çox bir müddətdə erməni cəlladları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsi adlandırmışdır.
Xocalı faciəsinə o vaxtkı iqtidar tərəfindən lazımi qiymət verilmədiyini, bu soyqırımının yalnız 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə müzakirəyə çıxarıldığını və qırğına hüquqi-siyasi qiymət verildiyini vurğulayan N.İsmayılov, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində məqsədyönlü siyasətindən ətraflı danışmışdır.
Tədbirdə rayon polis şöbəsinin rəisi Mübariz Quliyev, Xocalı özünümüdafiə bataliyonu komandirinin müavini, “Azərbaycan bayrağı” ordenli Sərvər Rəcəbov keçdikləri döyüş yolundan, I qrup Qarabağ müharibəsi əlili Vidadi Güləliyev isə hazırladıqları “Xocalı harayı” ədəbi-bədii kompozisiyanın böyük təbliğat xarakterindən və fevralın 24-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsindəki uğurundan danışmışlar.
Sonda rayonda məskunlaşmış Xocalı ailələrinə maddi yardımlar edilmişdir.