Sabunçu rayonunda iki yaşlı uşağın oğurlanması ilə bağlı cinayət işi başlanıb VİDEO
Bakı, 10 yanvar, AZƏRTAC
Sabunçu rayonunda iki yaşlı M.Şıxalıyevin oğurlanması ilə bağlı rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilib. G.Muradova ilə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev, uşağın atası Elgün Nəsirov da hadisə ilə bağlı istintaqa cəlb olunublar. İstintaq hərəkətləri davam etdirilir.
Sığınacağa yerləşdirilən M.Şıxalıyev və ailənin digər övladları barəsində müvafiq dövlət qurumlarının qərarı ilə sənədləşmə işi aparılır.