Sabunçu rayonunda narkokuryerliklə məşğul olan şəxs saxlanılıb VİDEO
Bakı, 14 yanvar, AZƏRTAC
Zabrat qəsəbəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Abşeron rayon sakini Röyal Yusibov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 3 kiloqramdan artıq marixuana və 515 qram heroin aşkar edilib. Röyal Yusibov ifadəsində instaqramda bloqçu kimi fəaliyyət göstərdiyini, orada xarici ölkələrdən birinin vətəndaşı ilə tanış olaraq onun vasitəçiliyi ilə narkokuryerliyə cəlb edildiyini bildirib.
Röyal Yusibov narkotik vasitələri əldə edəndən sonra pulunu həmin şəxsə onlayn yolla göndərməli olduğunu qeyd edib. O, Zabrat qəsəbəsində təyin edilən yerdən narkotik vasitələri götürərək oradan uzaqlaşmaq istəyərkən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat zamanı saxlanılıb.
15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Zabrat və Pirşağı qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha iki nəfər - Xəyal Abdullayev və Seymur İslamov da saxlanılıblar. Həmin şəxslərdən də narkotik heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı 15-ci polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Narkotik vasitələrin Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və həmin şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.