Şagirdlər “Sağlam gənclik naminə” layihəsi çərçivəsində zərərli vərdişlər barədə məlumat alacaqlar
Bakı, 21 oktyabr (AZƏRTAC). “İrəli” İctimai Birliyinin (İB), “Arimed” şirkətinin və “Ailə həkimi” jurnalının təşkilatçılığı ilə “Sağlam gənclik naminə” layihəsinin icrasına başlanılır.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar oktyabrın 21-də “İrəli” gənclik mərkəzində layihə ictimaiyyət nümayəndələrinə təqdim olunmuşdur.
Tədbirdə “İrəli” İB-in sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı layihə haqqında məlumat vermişdir. Demişdir ki, gəncləri məktəb yaşlarından zərərli vərdişlərin kəskin fəsadları haqqında məlumatlandırmaq məqsədi daşıyan layihə bir il ərzində 60 min gənci əhatə edəcəkdir. Layihə çərçivəsində Bakı şəhərinin 10 orta məktəbində, daha sonra Gəncə şəhərinin, Yevlax, Sabirabad rayonlarının orta ümumtəhsil müəssisələrində narkomaniya, QİÇS, alkoqol və tütünün zərərləri barədə seminarlar təşkil olunacaqdır.
Rəhbərlik etdiyi qurumun indiyədək reallaşdırdığı tibbi layihələr sayəsində 500-dən çox azərbaycanlı gəncin Almaniyada təhsil almasını diqqətə çatdıran C.Osmanlı bildirmişdir ki, məqsədə çatmaq üçün birgə fəaliyyət göstərməliyik.
Tədbirdə Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatları Elmira Axundova, Musa Quliyev, QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Həqiqət Qədirova və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışmış, gənclərin bu xeyirxah təşəbbüsünə dəstək verəcəklərini bildirmişlər.
Qeyd olunmuşdur ki, zərərli vərdişlərlə mübarizə profilaktikadan başlanır. Bu baxımdan reallaşacaq layihə gənclərin məlumatlılıq səviyyəsinin artırılmasında, habelə genefondumuzun qorunmasında mühüm rol oynayacaqdır.
Tədbirdə gənclərin asudə vaxtlarının təşkili üçün idmanın kütləviliyinin artırılmasının, sağlam gənclik naminə vizual imkanlardan istifadə olunmasının vacibliyi vurğulanmışdır.
######
