Şahbuz rayonunda son 10 ildə cinayət hadisəsi qeydə alınmayıb
Naxçıvan, 20 fevral, AZƏRTAC
Muxtar respublikanın Şahbuz rayonunda son 10 il ərzində cinayət hadisəsi qeydə alınmayıb. Bu barədə Şahbuz rayonunda İctimai Şuranın 2019-cu ildə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirində bildirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun Daylaqlı kəndində təşkil olunan yığıncaqda Şahbuz Rayon Polis Şöbəsinin rəisi Elnur İsmayılov İctimai Şuranın fəaliyyəti və 2019-cu ildə görülən işlərlə bağlı məlumat verib. Bildirib ki, rayon polis şöbəsində inzibati sahələr üzrə 4 İctimai Şura fəaliyyət göstərir. Onlara könüllülük əsasında 8-i polis veteranı olmaqla, 32 vətəndaş qəbul edilib. Ötən ildə İctimai Şuranın üzvlərinin iştirakı ilə əhali arasında ailə münaqişələrinin qarşısının alınması, qanunsuz silah sursatın yığılması, narkomaniya və alkoqolizmlə mübarizə sahəsində mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilib. Görülən profilaktik tədbirlərin nəticəsidir ki, Şahbuz rayonu cinayətsiz bölgəyə çevrilib.
Tədbirdə Şahbuz Rayon Polis Şöbəsinin sahə inspektoru Dilqəm Hüseynov, İctimai Şura üzvü Qoşqar Məmmədov, rayon Polis Şöbəsi Veteranlar Şurasının sədri Vaqif Rzayev və Polis Şöbəsinin baş inspektoru Nicat Hüseynovun mövzu ilə bağlı çıxışları dinlənilib.
Qeyd olunub ki, İctimai Şura üzvləri müasir infrastrukturun, yaşıllıqların qorunmasına, yaşayış məntəqələrinin təmizliyinə diqqəti artırmalıdırlar.
Yığıncaqda İctimai Şura üzvlüyünə yeni qəbul olunan bir nəfərə vəsiqə təqdim olunub.