“Şahin” hərbi-idman oyununun Ağcabədi rayonu üzrə qalibi müəyyənləşib
Ağcabədi, 20 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
“Şahin” hərbi-idman oyununun Ağcabədi rayon birinciliyinin qalibi müəyyənləşib. Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən yarışda rayonun ümumtəhsil məktəblərini təmsil edən 40 komanda mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun əməkdaşlarının da iştirak etdiyi tədbirin açılış mərasimində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova “Şahin” hərbi-idman oyununun məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini qeyd edib.
Əsasnaməyə uyğun olaraq, 7 mərhələ üzrə keçirilən yarışda 4 nömrəli tam orta məktəbin komandası birinci, 2 nömrəli tam orta məktəbin komandası ikinci, 3 nömrəli məktəb-liseyin komandası üçüncü yerə layiq görülüb. Qalib komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub. Birinci yeri tutmuş 4 nömrəli tam orta məktəbin komandası Qarabağ iqtisadi zonası üzrə Tərtər şəhərində keçiriləcək “Şahin“ hərbi-idman oyununun zona birinciliyində Ağcabədi rayonunu təmsil edəcək.