“Şahin” hərbi-idman oyununun Tərtər rayon turunda 23 komanda mübarizə aparıb
Tərtər, 19 aprel, AZƏRTAC
Tərtər Olimpiya İdman Kompleksində “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib. Yarışda rayonun 23 tam orta məktəbinin komandaları iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov çıxış edərək hərbi-idman oyununun məqsəd və vəzifələri barədə məlumat verib. Bildirib ki, yarışın keçirilməsinin əsas məqsədi məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarətdir.
Sonra yarışlara start verilib. Yarışda Hüsənli kənd tam orta məktəbin komandası birinci, Tərtər şəhər 5 saylı tam orta məktəbin komandası ikinci, Səhləbad və Ələsgərli kənd tam orta məktəblərinin komandaları üçüncü yerə layiq görülüb. Birinci yerin qalibi Hüsənli kənd tam orta məktəbin “Şahinlər” komandası zona mərhələsində iştirak üçün vəsiqə qazanıb.