ŞAHMAT ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ QALİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR
Bakı, 3 aprel (AZƏRTAC). Respublika “Təhsil” İdman Mərkəzində keçirilən 8, 10, 12, 14 və 16 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə Azərbaycan çempionatının final mərhələsi başa çatmışdır. Respublikanın 30-a yaxın müxtəlif şəhər və rayonlarından 130-dan çox gənc şahmatçının mübarizə apardığı birincilik dairəvi sistem üzrə keçirilmişdir.
Səkkiz yaşlı şahmatçıların yarışında Abdulla Qədimli və Xanım Balacayeva ölkə çempionu adına layiq görülmüşlər. 10 yaşlı idmançılar arasında Qulam Məmmədov bütün rəqiblərini arxada qoyaraq birinci olmuşdur. 12 yaşlıların turnirində yığma komandanın baş məşqçisi Anar Allahverdiyevin yetirməsi Elxan Bayramov və Aytən Əmrayeva ilk pillələrdə yer almışlar. Ülvi Bacarani və İzzət Rəhimli 14 yaşlılar arasında birinciliyin qalibləri olmuşlar. Azərbaycan çempionu adına 16 yaşlı şahmatçılar arasında Zaur Məmmədov və Aytac Əbdürrəhmanlı layiq görülmüşlər.
10 yaşadək qızlar arasında Aydan Höcətova, Günay Məmmədzadə və Nərmin Məmmədova eyni xal topladıqlarına görə (10 xal) və əlavə bir neçə göstəricinin də hər biri eyni olduğundan medalların sahiblərini müəyyən etmək üçün onların arasında əlavə matç-turnir keçirilməsi qərara alınmışdır. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, əlavə matç-turnir aprelin 4-də keçiriləcəkdir.
Hər yaş qrupunun qalibləri müvafiq olaraq dünya çempionatına, ikinci yerin sahibləri isə Avropa çempionatına vəsiqə əldə etmişlər.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Azərbaycan Şahmat Federasiyasının medalları və qiymətli hədiyyələri təqdim olunmuşdur.