Şair-tərcüməçi Siyavuş Məmmədzadənin 80 illik yubileyi qeyd olunub
Bakı, 2 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Oktyabrın 2-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda tanınmış şair-tərcüməçi, Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Siyavuş Məmmədzadənin anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilib.
AYB-nin sədri, Xalq Yazıçısı Anar Siyavuş Məmmədzadənin istər şair kimi, istər də tərcüməçi kimi oxuculara təqdim etdiyi əsərlərin estetik səviyyəsindən danışıb. Onun mövzulara münasibəti, hadisələrə ziyalı baxışı və səmimiyyəti ilə seçildiyini vurğulayıb.
Bildirilib ki, S.Məmmədzadə 1935-ci il oktyabrın 2-də Bakıda müəllim ailəsində dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə tələbəlik illərində yazdığı "Sınaq" adlı ilk şeiri ilə başlayıb. Azərbaycan poeziyasından rus dilinə ilk poetik tərcüməsi olan Ağacavad Əlizadənin şeiri 1956-cı ildə "Lenin tərbiyəsi uğrunda" qəzetində dərc olunub.
Sonralar Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun bədii tərcümə bölməsini bitirib. Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Literaturnıy Azerbaydjan" jurnalında ədəbi işçi, tənqid və publisistika şöbəsinin müdiri və digər vəzifələrdə çalışıb.
Tədbirdə Xalq Şairi Fikrət Qoca, Milli Məclisin deputatı Elmira Axundova "Literaturnıy Azerbaydjan" jurnalının redaktoru Solmaz İbrahimova, "Azərbaycan" jurnalının redaktoru, Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadə, AYB-nin katibi Rəşad Məcid, yazıçı-publisist Elçin Hüseynbəyli və başqaları S.Məmmədzadənin Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, eləcə də rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə yüksək zövqlə etdiyi tərcümələrin dövrü mətbuatda müntəzəm dərc edildiyini, kitab halında nəşr olunduğunu söyləyiblər.
Bildirilib ki, görkəmli qələm ustası S.Məmmədzadə özünün yaradıcılığından ibarət "Bir yuxusuz gecə", "Günəbaxan insanlar", "Komendant saatı" və s. kitabları ilə yanaşı, Abdulla Şaiq, Məmməd Araz, Söhrab Tahir, Kamal Talıbzadə və digər yazıçı və şairlərimizin əsərlərini də rus dilinə tərcümə edib.
Tədbirdə qeyd edilib ki, Siyavuş Məmmədzadə Azərbaycan ədəbiyyatı və tərcümə sənəti sahəsindəki xidmətlərinə görə Rusiyanın ölkəmizdəki səfirliyinin, "Azərbaycan-Ukrayna Dostluğu" Xeyriyyə Cəmiyyətinin xüsusi mükafatlarına və Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.
Sonda S.Məmmədzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.