Salyan və Saatlıda keçirilən toy məclisində karantin qayda pozuntusu aşkarlanıb
Salyan, 21 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində rayonun Qarabağlı kənd sakini Kamran Cavadovun fərdi yaşayış evinin həyətində mövcud qaydaları pozaraq 88 nəfərin iştirakı ilə məclis keçirdiyi müəyyən olunub.
Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edən şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.
Bundan başqa, Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulduğu toy məclisi aşkar edilib. Keçirilən tədbirlər nəticəsində rayonun Çolpı kənd sakini Elvin Hüseynovun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq 74 nəfərin iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.
Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və məclisdə iştirak edənlərlə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.