Salyanda bu günədək 25 min 743 nəfərə “buster” doza vurulub VİDEO
Salyan, 27 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyasına qarşı ölkəmizdə də ciddi mübarizə tədbirləri həyata keçirilir. Hər yerdə olduğu kimi, Salyanda da sakinlər “buste” doza qəbul etmək üçün növbələrə yazılır.
AZƏRTAC xəbər verir ki, Salyan rayon sakini 67 yaşlı Lətif Zərbəliyev gənc yaşlarından ömrünü mədəniyyətə həsr edib. Bu səbəbdən onun demək olar ki, respublikanın hər yerindən dostu var. Lətif Zərbəliyev deyir ki, dostları ilə əvvəllər koronavirus xəstəliyinin ciddiliyinə inanmırdılar. Lakin bu xəstəliyə yoluxandan sonra onun həqiqətən də nə dərəcədə təhlükəli olduğunu anlayırlar. Bundan sonra Lətif Zərbəliyev peyvənd olunmağa qərar verib: “Respublikanın demək olar ki, bütün bölgələrindən dostlarım var. Biz mütəmadi görüşürdük. Bir müddət əvvəl dostlarımızdan ikisini koronavirusdan itirdik. Sonra mən çox narahat oldum. Gedib təcili vaksin vurdurdum. Bu yaxınlarda üçüncü vaksini vurduracağam. Həyatda insana cansağlığından əziz heç nə yoxdur. Bütün dostlarıma da məsləhət görürəm ki, vaksin vurdursunlar, özlərini və yaxınlarını qorusunlar”.
Qeyd edək ki, Salyan Şəhər Mərkəzi Xəstəxanasına “buster” dozası üçün könüllü müraciət edənlər çoxluq təşkil edir. Burada yaradılan peyvənd otaqlarında Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin təlimatına uyğun bütün zəruri şərait yaradılıb. Salyanda bu günədək 25 min 743 nəfər “buster” doza qəbul edib.
Həkim-infeksionist Mirkamal Bağırov bildirib ki, “buster” doza, yəni 3-cü doza immuniteti daha da gücləndirir. “Bu xəstəliyə yoluxanın immuniteti güclü olmalıdır ki, o, xəstəliklə mübarizə apara bilsin. Xüsusən 50 yaşından yuxarı olan insanlar “buster” doza vurdurmalıdırlar. Onlar risk qrupuna aiddirlər. Ümumiyyətlə, hər kəs vaksinasiya prosesində iştirak etməlidir ki, COVID-19 xəstəliyindən xilas olaq”.