SALYANDA HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ictimaiyyətin nümayəndələri əmək və müharibə veteranları, ziyalılar, gənclər dahi rəhbərin rayon icra hakimiyyətindəki büstü önünə gül-çiçək dəstələri qoymuşlar. Tarix-diyarşünaslıq muzeyində yaradılmış Heydər Əliyev bölməsi ziyarət edilmişdir.
Sonra “Heydər Əliyev irsini öyrənirik” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Əvvəlcə, dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov ulu rəhbərin zəngin həyat yolundan, xalqımız qarşısındakı müstəsna xidmətlərindən söz açmış, müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin əsəri olduğunu nəzərə çarpdırmışdır.
Mərasimdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Etibar Hüseynov, mərkəzi xəstəxananın baş həkimi İbrahim Cəfərov, Muğan-Salyan kollektorları istismar idarəsinin rəisi Firdovsi Rzayev və başqaları rəhbərin ölkəmizin inkişafı üçün müəyyənləşdirdiyi strateji xəttin böyük həyati əhəmiyyəti olduğunu, Prezident İlham Əliyevin ulu öndərin siyasətini dönmədən həyata keçirdiyini xüsusi vurğulamışlar. Şair Əlisəfa Zamanlı böyük insana həsr etdiyi poemasından parçalar oxumuşdur.