Salyanda qadınların əmək hüquqları və əməyin mühafizəsi mövzularına dair tədbir keçirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Salyanda işəgötürənlər üçün “Analığın mühafizəsi, qadınların əmək hüquqları, gender bərabərliyi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri təşkil edib.
Bu barədə AZƏRTAC-a DƏMX-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə ictimai birliklərin nümayəndələri, həmçinin xidmətin Şirvan-Salyan regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 50-yə yaxın şəxs iştirak edib.
Çıxışlarda DƏMX tərəfindən mütəmadi keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunulub, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb.
Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verilib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstəyi qeyd edilib, həmçinin yeni qəbul olunmuş standartlarla bağlı iştirakçılar məlumatlandırılıb.
Bundan əlavə, tədbirdə Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı barədə ətraflı məlumat təqdim olunub. Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə əmək qanunvericiliyi və inzibatçılığı sahəsində aparılan islahatlardan bəhs edilib.
Sonda müvafiq mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.