Şamaxı rəsədxanası turizm baxımından da maraqlı məkandır
Şamaxı, 5 iyul (AZƏRTAC). AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Prezident İlham Əliyevin Azərbaycanda elmin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində bu gün öz görkəmini dəyişir. Belə ki, dünyada tanınan bu elmi mərkəzin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi üçün ölkəmizin başçısının 2008-ci il 5 sentyabr və 2009-cu il 21 iyul tarixli sərəncamları ilə ayrılmış 8 milyon manat vəsait hesabına burada irihəcmli işlər görülür.
Şamaxı Astrofizika Rəsədxanası 1966-cı ildən fəaliyyətə başlamışdır. Dəniz səviyyəsindən 1470 metr hündürlükdə Pirqulu dağının zirvəsində yerləşən bu elmi mərkəz 25 hektar ərazini əhatə edir və burada Almaniya istehsalı olan 6 teleskopun vasitəsilə tədqiqatlar aparılır. Göy cisimlərini öyrənən elmi mərkəzdə 2 günəş teleskopu da quraşdırılmışdır. Fəaliyyət göstərdiyi 45 ildə rəsədxana nadir elmi tapıntılar, ixtiralarla dünya elminə maraqlı töhfələr vermişdir. Bu müddətdə rəsədxanada 2 nəfər akademik, 5 nəfər elmlər doktoru, 25 nəfər elmlər namizədi və onlarla elmi işçi yetişmişdir.
Rəsədxanada müasir tələblərə cavab verən inzibati binanın əsaslı təmiri artıq başa çatdırılmışdır. Rəsədxananın elmi, mühəndis-texniki işçiləri üçün 32 və 40 mənzilli beşmərtəbəli binalarda artıq son tamamlama işləri aparılır və hər iki binanın gələn ay istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Burada yeni sərgi və konfrans zallarının inşası da nəzərdə tutulmuşdur. Bu da beynəlxalq konfransların və simpoziumların ən yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir.
Şamaxıdan 22 kilometr şimalda, gözəl təbii iqlim şəraitinə malik ərazidə yerləşən bu elmi mərkəz nəinki yerli, beynəlxalq turizm üçün də yüksək potensiala malikdir. Təsadüfi deyildir ki, hazırda ərazidə turist şəhərciyi salınır. Şəhərçikdə 10 birmərtəbəli və ikimərtəbəli kottec, 16 yerlik motel, 150 yerlik yeməkxana binası tikilir. Uşaq bağçasının, tibb məntəqəsinin və digər obyektlərin inşası da nəzərdə tutulmuşdur. Müasir kommunikasiya sistemləri və yaradılan şərait turistlərə ən yüksək səviyyədə xidmət göstərməyə imkan verəcəkdir.