Şamaxı və Qobustan rayonlarında suvarma mövsümünə hazırlıq görülür VİDEO
Şamaxı, 27 dekabr, AZƏRTAC
Şamaxı Suvarma Sistemləri İdarəsi Şamaxı və Qobustan rayonlarının, əkin dövriyyəsində olan 8447 hektar müxtəlif kənd təsərrüfatı bitkiləri sahəsinin suvarma suyu ilə təmin olunmasına xidmət edir. Onlardan 4350 hektarı taxıl, 3525 hektarı yem bitkisi, 492 hektarı çoxillik əkmələr, 30 hektarı bostan-tərəvəz və 50 hektarı həyətyanı sahələrdir. Qeyd edilən əkin sahələrinin suvarılmasında 138 kilometrlik kanallardan və 28 subartezian quyusundan istifadə edilir. Bundan başqa, Zoğalavaçay su anbarı və 8 ədəd torpaq sututarı rayon üçün ehtiyyat su mənbəyi hesab olunur. Hazırda sututarlarında kifayət qədər su toplanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İdarə tərəfindən Şamaxı və Qobustan rayonlarında suvarılmanın mütəşəkkil aparılması, o cümlədən kanallarda su itkisinin qarşısının alınması məqsədi ilə torpaq kanalların beton üzlüklü kanallarla əvəz olunması işləri aparılıb. Bu proses Şamaxı rayonun Çarhan, Məlikçobanlı və Göylər kəndlərinin 1500 hektar əkin sahəsini suvarma suyu ilə təmin edən təsərrüfatlararası Dibarx torpaq kanalında həyata keçirilib.
Qeyd edək ki, Dibarx kanalı suvarma mövsümü zamanı 1500 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Həmin sahələrin 112 hektarında bağlar, 300 hektarında taxıl və 888 hektarında isə yem bitkiləri əkilir.