ELM VƏ TƏHSİL
Şamaxıda Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib


Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 27 Sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən filialın direktoru dosent Tünzalə Yusifova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad etməklə tarixi Qələbə qazandığını bildirib. Vurğulayıb ki, şəhidlər bizim fəxrimiz, vüqarımız, qürur mənbəyimiz, qəhrəmanlıq örnəyimizdir. Nə qədər ki, Azərbaycan xalqı var, şəhidlərin xatirəsi daim əziz tutulacaq.
Sonra Riyaziyyat və kompüter elmləri kafedrasının baş müəllimi Çingiz Dadaşovun “Azərbaycan dövlətinin tarixində 44 günlük Vətən müharibəsi ən şanlı səhifədir” və Dil-ədəbiyyat və onların tədrisi texnologiyaları kafedrasının müəllimi Türkan Hüseynovanın “Xalqla ordunun birliyi qələbəmizin rəhnidir” mövzusunda çıxışları dinlənilib və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda filialın tələbələri Səbinə Salmanlı, Xədicə Azaylı və Araz Qasımlı mövzu ilə bağlı qələmə aldıqları şeirlərini səsləndiriblər.