REGİONLAR
Şamaxının Meysəri kəndində “Həssas Dəb” Beynəlxalq Etik Dizayn Məntəqəsi açılıb VİDEO
Şamaxı, 27 sentyabr, Adil Ağayev, AZƏRTAC
Sentyabrın 27-də Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Şamaxı rayonunun Meysəri kəndində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsinin İmadəddin Nəsiminin xatirəsinə həsr olunan ədəbi müsabiqəsinin finalçılarının iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə təşkil olunub. Ədəbi yarışa 90 nəfərədək gənc şair Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə onlardan 17 nəfər final mərhələsinə keçib. Tədbirdə müsabiqə finalçılarının çıxışları olub.
Sonra “Həssas Dəb” Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı olub. “Baku” jurnalının son bir neçə ildə “Eko. Dəb marşrutu” (“ЭКО. Модный маршрут”) başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edir. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunur. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentlərlə bəzədilmiş libaslar nümayiş etdirilir.
Sonra modelyerlər tərəfindən ayrı-ayrı xalqlara məxsus qadın və kişi geyimləri nümayiş etdirilib. Müasir və köhnə geyim formaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə Azərbaycanın “Le Gardiens du Silence” (“Sükut keşikçiləri”) qrupu kamil mənəviyyata və özünüdərkə səsləyən musiqilər təqdim edib. Müxtəlif mədəniyyətlərin kəsişdiyi ruhi-meditativ musiqi milli və xarici musiqi alətlərində ifa olunub.