Samir Abasov: Heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq
Bakı, 27 avqust, AZƏRTAC
Əsas heyətdən 3 aparıcı futbolçunun olmaması oyunumuzda problem yaratdı. Nə qədər ağır məğlubiyyət olsa da, bizim üçün yaxşı təcrübə oldu. Bundan sonra fikrimiz çempionata yönələcək.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində İsrailin "Makkabi" (Hayfa) komandasına 0:4 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandıran Bakının "Neftçi" klubunun baş məşqçisi Samir Abasov deyib.
Mütəxəssis bildirib ki, Harramiz Soareş, Fəhmin Muradbəyli və Mert Çelik zəif çıxış etdilər. Çelikin oyununu təcrübəsizliklə əlaqələndirmək olar. Digərlərini isə başa düşə bilmirəm. Heyətimiz yetərli olmadığı üçün avrokuboklarda mübarizəni dayandırdıq.
"Vəziyyət acınacaqlı deyil. Sadəcə, heyət komplektləşməyib. Ayağa qalxmalıyıq. "Neftçi"nin hədəfi hər zaman çempionluqdur. İndiki məqamda bu futbolçularla yolumuza davam edəcəyik", - deyə S.Abasov bildirib.
Qeyd edək ki, komandalar arasında Bakıda təşkil olunan ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, "Neftçi" klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Mübarizəyə UEFA Çempionlar Liqasından start verən Bakı təmsilçisi “Dinamo”dan (Tbilisi) üstün olsa da, növbəti mərhələdə Yunanıstanın “Olimpiakos” komandası ilə bacarmayıb. UEFA Avropa Liqasına düşən komanda iki matçın nəticəsinə görə, Finlandiyanın HİK komandasına məğlub olub və UEFA Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanmışdı.