SANKT-PETERBURQDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN VƏFATININ İLDÖNÜMÜ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda Azərbaycan Respublikasının bu şəhərdəki baş konsulluğu və Azərbaycan Milli-Mədəni Muxtariyyəti ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar matəm mərasimi keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin xatirə lövhəsinin önünə gül-çiçək qoymuşlar. Dünya şöhrətli siyasi xadimin xatirəsini yad etmək, Azərbaycan xalqına başsağlığı vermək üçün Sankt-Peterburq şəhəri hökumətinin nümayəndələri, Leninqrad vilayəti hökumətinin üzvləri, Sankt-Peterburqda yaşayan müxtəlif millətlərin təmsilçiləri gəlmişdilər.
Matəm mərasimini Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov açaraq, xalqımızın ümummilli liderinin həyatından və siyasi fəaliyyətindən, onun Vətən qarşısındakı xidmətlərindən, Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərinin inkişafına böyük töhfəsindən danışmışdır.
Sankt-Peterburq hökumətinin nümayəndələri çıxışlarında Azərbaycan-Rusiya dostluq münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin rolunu yüksək qiymətləndirmişlər. Onlar ulu öndərimizin Moskvada yüksək vəzifələrdə fəaliyyətini, Siyasi Büronun üzvü olduğu dövrdə həyata keçirdiyi quruculuq işlərini də xatırlatmışlar.
Sankt-Peterburq hökuməti Xarici əlaqələr və turizm komitəsinin sədri V.Proxorenko şəhər ictimaiyyəti adından Azərbaycan xalqına başsağlığı vermişdir.
Azərbaycan diasporunun Sankt-Peterburqdakı nümayəndəsi, Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri V.Məmişov müstəqil dövlətimizin təşəkkül tapmasında Heydər Əliyevin rolundan, onun xaricdəki həmvətənlərə qayğısından, diaspor qarşısında qoyduğu məqsəd və vəzifələrdən söhbət açmışdır.
Ümummilli liderimizin ruhuna dua oxunmuş, Azərbaycan kulinariyası mərkəzində - “Bakı” restoranında ehsan verilmişdir.