Sapienza Universitetinin azərbaycanlı tələbəsi: Xaricdə təhsil beynəlxalq təcrübə qazanmaq imkanı verir
Bakı, 19 avqust, Xatirə Cəfərova, AZƏRTAC
Xaricdə təhsil tələbələrə fərqli mədəniyyət, yeni dil öyrənmək, beynəlxalq təcrübə qazanmaq və karyeralarında rəqabət üstünlüyü əldə etmək imkanı verir. Bu baxımdan tələbələrə universitet tərəfindən yaradılmış ikili diplom və tələbə mübadilə proqramları böyük əhəmiyyət kəsb edir.
Bunu AZƏRTAC-a müsahibəsində təhsilini Romanın Sapienza Universitetində davam etdirən Raul Mahmudov deyib. O qeyd edib ki, xaricdə təhsil tələbələrə fərqli ölkələrin mədəniyyətlərini və həyat tərzlərini birbaşa təcrübə etmək imkanı verir, onların xarici dildə danışma bacarıqlarını inkişaf etdirmək üçün gözəl fürsət yaradır. Tələbə mübadilə proqramları tələbələrin müstəqillik, adaptasiya və problemlərin öhdəsindən gəlmə bacarıqlarını gücləndirir və onlara fərqli ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət qurmaq, yeni dostlar qazanmaq imkanı verir.

“Fərqli ölkələrdə yaşamaq və təhsil almaq tələbələrə problemlərə müxtəlif nöqteyi-nəzərdən yanaşmaqla yanaşı, onlara fərqli təhsil sistemi, öyrənmə metodu və tədris materialı ilə qarşılaşmaq imkanı verir. Bu cür imkanların biz tələbələr üçün yaradılması öyrənmə qabiliyyətimizi təkmilləşdirməyə kömək edə bilər”, - deyə Raul bildirib.

Raul Mahmudov 2006-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Təhsilinə İlyas Əfəndiyev adına Elitar Gimnaziyada başlayıb. Təhsil aldığı illər ərzində respublikada keçirilən bir sıra riyaziyyat olimpiadalarının qalibi olub. Buraxılış imtahanında yüksək nəticə göstərib. 2023-cü ildə 615,4 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinə (ingiliscə) qəbul olub.
