Saxta jurnalların müəyyənləşdirilməsi üsulları təhlil olunub
Bakı, 10 oktyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova, texnika üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Rəhilə Həsənova və baş mütəxəssis Firudin Əsgərovun həmmüəllifi olduğu “Saxta jurnalların müəyyənləşdirilməsi üsullarının təhlili” adlı məruzə “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular - Tanıma-2023” XVII beynəlxalq elmi-texniki konfransında təqdim olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Hibrid formatda təşkil olunmuş konfransda məruzəyə dair çıxış edən M.Səidova diqqətə çatdırıb ki, elmmetrik tədqiqatlar informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə elmi tədqiqatçıların, məqalələrin, jurnalların və s. sayının artması ilə yanaşı saxta məlumatların da sürətlə artımının müşahidə olunduğunu göstərir. Həmçinin tədqiqatçının məqalə dərc etdirmək üçün seçdiyi jurnalın etibarlı olub-olmamasının yoxlanılması günün aktual problemlərindən biridir.
Məruzədə tədqiqatçının elmi nəticəsini dərc etdirmək üçün seçdiyi jurnal haqqında diqqət yetirməli olduğu məqamlar sadalanıb, akademik cəmiyyətdə saxta jurnalların təyin edilməsi üçün ümumiləşdirilmiş meyarlar açıqlanıb.
Bildirilib ki, bu sahədə ilk araşdrımaların müəllifi olan tədqiqatçı Cefri Bill “yırtıcı” jurnal və nəşriyyatları müəyyənləşdirmək üçün bir çox meriyalar müəyyən edib. O, 4 kateqoriyada birləşdirdiyi 28 meyar əsasında saxta jurnalları təyin etmək üçün 10 addım təklif edib.
Həmçinin qeyd olunub ki, hər bir tədqiqatçı jurnal seçərkən meyarları bilməli və bu bilikləri tətbiq etməyi bacarmalıdır. Çünki bilərəkdən və ya bilməyərəkdən “yırtıcı”, saxta jurnalların tələsinə düşmək nəinki tədqiqatçının, həm də təmsil etdiyi müəssisənin, ölkənin imicinə xələl gətirmiş olar.