SƏDƏRƏK GÖRKƏMİNİ DƏYİŞİR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” sərəncam qəbul etməsindən il yarım keçir. Bu müddətdə rayonda hansı işlər görülmüşdür?
AZƏRTAC müxbiri bu sualla rayon icra hakimiyyəti başçısının müavini Məmməd Məmmədova müraciət etmişdir. O demişdir:
- On il əvvəl Sədərək Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində böyük dağıntılara məruz qalmışdı. Ötən müddətdə Heydərabad qəsəbəsində 75 ev bərpa edilmiş, 1200 yerlik məktəb, mərkəzi xəstəxananın, rabitə qovşağının binaları əsaslı təmir olunmuş, rayon icra hakimiyyəti, hüquq mühafizə orqanları, tarix-diyarşünaslıq muzeyi, yanğın təhlükəsizliyi xidməti və elektrik şəbəkəsi üçün yeni inzibati binalar istifadəyə verilmiş, şəhidlər xiyabanı yenidən qurulmuşdur.
Rayonumuzda torpaq islahatı aparılmış, özəlləşdirmə tam başa çatmışdır. Üç il bundan əvvəl özəl təsərrüfatlarda 450 ton taxıl istehsal edilirdisə, bu il 2585 tona çatdırılmışdır. Şəkər çuğunduru istehsalı sahəsində uğurlar da ürəkaçandır.
İqtisadi islahatların həyata keçirilməsi, yeni infrastrukturun yaradılması nəticəsində 300-dən çox iş yeri açılmışdır.
Bütün bunlara görə sədərəklilər ölkəmizin Prezidenti Heydər Əliyevə hədsiz minnətdardırlar və 2003-cü il prezident seçkilərində də onu dəstəkləyəcəklər.