Sədr müavini: Memarlığın inkişafına yaradılmış şərait bu sahədə yeni imzaların formalaşacağını göstərir
Bakı, 23 aprel, AZƏRTAC
Ölkəmizdə ilk dəfə geniş ictimai auditoriyanın iştirakı ilə Azərbaycan memarlığında qadınların rolu müzakirə olunur və burada səsləndirilən fikirlərin gələcəkdə bu istiqamətdə fəaliyyətlərə, araşdırmalara təkan verəcəyi qeyd edilməlidir. Memarlıq ilk insan məskənlərinin salındığı dövrlərdən yaranan peşələrdən biri olaraq ictimai mənəvi və maddi məkan dəyərlərinin əks olunduğu ali sənət növüdür. Dünya fatehlərinin, maddi imkan sahiblərinin bir çoxları adlarının yaxşı əməl sahibləri kimi əbədiləşdirilməsi üçün məhz memarlara müraciət ediblər və onların yaratdıqları sənət əsərləri müxtəlif sivilizasiyaların kod daşıyıcıları kimi mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov “Şəhərsalma və Memarlıq İli” çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu sahədə peşəkar olmaq və yaradıcılıq nümunələri hazırlamaq üçün illər boyu maddi-sosial ehtiyacları, ailə-məişət qayğılarını məhdudlaşdırmaq, ağır zəhmət sərf etmək, fədakarlıq və əzmkarlıq göstərmək tələb olunurdu. Ona görə də tarix boyu memarlıq fəaliyyəti ilə daha çox kişilər məşğul olublar və keçmiş zamanlarda inşa edilmiş memarlıq abidələrində qadın adlarına çox az rast gəlinir: “Ötən əsr ərzində cəmiyyətlərin ictimai-iqtisadi inkişafı, elmi-texniki nailiyyətləri və onların verdikləri imkanlar nəticəsində yaranmış şərait qadınların cəmiyyətlərin həyatında aktiv rol oynamasına və memarlıq fəaliyyətində aktiv iştirak etmələrinə səbəb oldu. Xüsusən, XX əsrin ortalarından başlayaraq memarlıqda qadınların adları çəkilib. Biz müasir dünyada inkişaf proseslərinin, yeni çağırışların önündə getməyi qarşısına məqsəd qoymuş xalq kimi intellektual rəqabətin şərtlərini və qaydalarını qəbul edərək, bütün təhsil sahələri ilə yanaşı, memarlıqda da tarixi ənənələrimizə, bilik və təcrübəmizə və gənclərimizə güvənərək gələcəyə ümidlə baxırıq. Bu prosesdə qadın memarlarımızın öz yeri var və onların sənətdə uğur qazanmaları üçün etibarlı zəmin mövcuddur. Belə ki, memarlığın inkişafına dövlətimiz tərəfindən yaradılmış şərait və imkanlar bu sahədə yeni adların və imzaların formalaşacağını göstərir və təsdiq edir".