Sədr: Naxçıvanda 54 sahibkarlıq subyektinə 3 milyondan çox güzəştli kredit verilib
Naxçıvan, 26 iyul, Nail Əsgərov, AZƏRTAC
Sahibkarlığın İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə həm kommersiya banklarının nümayəndələri, həm də sahibkarların subyektləri üçün güzəştli kreditlərə əlçatanlığın artırılmasına həsr olunmuş konfrans təşkil edildi. Konfransda da qeyd olunduğu kimi, sahibkarlıq subyektlərinin güzəştli şərtlərlə maliyyələşdirilməsi sosial-iqtisadi inkişafın prioritetləri çərçivəsində həyata keçirilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bunu “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi” mövzusunda keçirilən konfransdan sonra jurnalistlərə açıqlaması zamanı Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xalıyev deyib.
Onun sözlərinə görə, Naxçıvanda, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə ölkənin digər iqtisadi rayonlarından fərqli olaraq xidmət, ictimai-iaşə sektoru prioritet olaraq seçilib.
“Bu o deməkdir ki, burada prioritetlərin sayı ümumilikdə digər regionlardan çoxdur. Sahibkarlığın İnkişafı Fondu 2023-cü ilin əvvəlindən başlayaraq Naxçıvanda aktiv şəkildə kreditləşməni həyata keçirir və ötən dövr ərzində 54 sahibkarlıq subyektinə 3 milyondan çox güzəştli kredit verilib. Bu da muxtar respublikada 126 yeni iş yerinin yaradılmasına zəmin yaradıb. Son olaraq qeyd etmək istərdim ki, biz Naxçıvanda fəaliyyət göstərən bütün kommersiya bankları ilə əməkdaşlıq edirik və həmin bankları sahibkarlıq subyektlərini güzəştli şərtlərlə maliyyələşməsinə dəstək göstərməyə, aktiv olmağa çağırırıq. Sahibkarlıq subyektlərinin bütün müraciətlərinə operativ, şəffaf qaydada baxacağımıza söz veririk”, - deyə Osman Xalıyev əlavə edib.