Səfər Qaraqoyunlu: Azərbaycanın Avropadakı diplomatik nümayəndəliyinə edilən hücum türk millətinin tarixində ilk deyil
İstanbul, 21 sentyabr, AZƏRTAC
Son zamanlar Ermənistanın nümayiş etdirdiyi təcavüzkar siyasətin səbəb olduğu hadisələr Azərbaycan Ordusunun əsgərlərinin şəhid olması ilə nəticələnib. Ermənistan tərəfi də yüzlərlə itki verib. Ermənistanın başladığı bu hücumlara, o cümlədən sərhəd bölgələrinə minaların yerləşdirilməsi və bir çox digər təxribatlar törədən erməni əsgərlərinə Azərbaycan Ordusu lazımi cavabı verib. Dünyanın və bölgənin sülhə ehtiyac duyduğu bu dövrdə Ermənistanın təkrarladığı bu təxribatlar yenidən qarışıqlıq yaratmaq və əldə olunan razılaşmanın şərtlərinə əməl etməməkdən başqa bir şey deyil. Belə bir dövrdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirləri və birtərəfli mövqeyi qəbuledilməzdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu bildirib.
O deyib: “Azərbaycan torpaqlarını 28 il işğal altında saxlayan Ermənistan tərəfindən çıxış edən, Avropanın ortasında Azərbaycanın diplomatik nümayəndəliklərinə edilən hücumlara göz yuman, türk millətinə qarşı ikili standart nümayiş etdirənləri şiddətlə qınayırıq. Xatırladım ki, Azərbaycanın Avropadakı diplomatik nümayəndəliyinə edilən hücum türk millətinin tarixində ilk deyil. Türkiyənin eyni qurumlarına da dəfələrlə Ermənistanın ASALA terror təşkilatı tərəfindən hücumlar edilib, diplomatlar və onların ailə üzvləri qətlə yetirilib”.
İSTAD-ın sədri vurğulayıb ki, bölgədə sülh və sabitliyin yeganə yolu Ermənistanın təcavüzkar siyasətindən əl çəkərək əldə olunmuş razılaşmanın şərtlərinə əməl etməsidir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul