QAN YADDAŞI
Şəhidlər öz ölümləri ilə ölkəmizin müstəqilliyə gedən yolunu yaxınlaşdırdılar
Bakı, 18 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib. Mərasim faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə qeyd olunub ki, 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Həmin gecə şəhidlərin axıtdığı qan və onların qurban getdiyi müqəddəs amallar ölkəmizi azadlıq və müstəqillik yoluna çıxardı və ona görə də qanlı yanvar gecəsində həlak olanlar həmişə xatırlanacaq.
Çıxış edənlər qeyd ediblər ki, 1990-cı il yanvarın 20-də Bakıda sovet qoşunlarının törətdiyi qanlı hadisələr Azərbaycan torpaqlarının bütövlüyü, müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş amansız cinayət olmaqla bərabər, müasir tariximizin qəhrəmanlıq səhifələrindən biridir.
Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş film nümayiş olunub.