ŞƏKİDƏ İSTİFADƏ OLUNAN ENERJİNİN DƏYƏRİNİN ÖDƏNİLMƏSİ İLƏ BAĞLI MƏSƏLƏ GENİŞ MÜZAKİRƏ EDİLMİŞDİR
İdarə, müəssisə və təşkilatların, bələdiyyə və özəl qurumların rəhbərlərinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri iclasda şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov bildirmişdir ki, əhalinin təbii qaz və elektrik enerjisi təchizatı ilə bağlı məsələlər ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, istifadə olunan təbii qazın və enerjinin haqqının ödənilməsinin təmin edilməsi ilə bağlı məsələlər hazırda müvafiq dövlət orqanları tərəfindən tam nəzarətə götürülmüşdür. Son vaxtlar Şəki şəhərinin təbii qaz və elektrik enerjisi ilə təchizatında müsbət dəyişikliklər müşahidə olunsa da, istifadə edilmiş enerjinin dəyərinin ödənilməsində nöqsanlar hələ də qalmaqdadır. Əhali, xüsusilə də müəssisə və təşkilat rəhbərləri bu vacib məsələnin həllinə ciddi yanaşmalı, mövcud vəziyyətin yaxşılaşdırılması üçün konkret tədbirlər görməlidirlər.
İclasda əlaqədar qurumların rəhbərləri görülmüş işlər barədə ətraflı məlumat vermişlər.
İclasın iştirakçıları Şəki şəhərində elektrik enerjisinin və təbii qazın dəyərinin istehlakçılar tərəfindən tam ödənilməsinin təmin edilməsinə dair şəhər icra hakimiyyətinin tədbirlər planı ilə tanış olmuşlar.