Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçirilib
Bakı, 26 iyul, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis şöbəsinə bir nəfərin üzərində narkotik vasitə daşıması, eləcə də kənar yerdə gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs - əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Tural Cabbarov saxlanılıb. Axtarış zamanı ondan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə - metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
T.Cabbarovla bağlı davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun “Dərə hamamı” kimi tanınan, hazırda istifadə olunmayan köhnə tikilidə narkotik vasitə gizlətdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilən zaman 350 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə T.Cabbarov barəsində üçaylıq həbs qətimkan tədbiri seçilib.