ŞƏKİDƏ TƏBİİ FƏLAKƏTİN NƏTİCƏLƏRİ ARADAN QALDIRILIR
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, güclü leysan nəticəsində Kiş, Şin və Daşağıl çayları məcrasından çıxmış, ətrafdakı yaşayış məntəqələrini sel basmışdır. Sel suları Şəki şəhərinə, həmçinin Oxud, İnçə, Baltalı, Aşağı Şabalıd, Qoxmuq, Oryat, Köndələn, Bideyiz, Kiş, Çapağan, Qudula və Oraban kəndlərinə ciddi ziyan vurmuş, dağıntılara səbəb olmuşdur. Həmin kəndlərdə yollara, körpülərə, fərdi evlərə, sosial obyektlərə külli miqdarda zərər dəymiş, rabitə, habelə yüksək gərginlikli elektrik xətləri sıradan çıxmış, bir sıra yaşayış məntəqələrinin şəhərlə əlaqəsi kəsilmişdir.
Təbii fəlakət nəticəsində şəhərin içməli su təchizatı tamamilə pozulmuşdur. Bundan əlavə, Kiş çayının daşması nəticəsində Şəki-Qoxmuq yolunun 5 kilometrlik hissəsi dağılmış, həmin ərazidə çoxmənzilli yaşayış binasının birinci mərtəbəsinə su dolmuşdur. Binanın uçmaq təhlükəsi yaranmışdır. Hazırda bina sakinlərinin köçürülməsi üçün tədbirlər görülür.
Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün operativ tədbirlər həyata keçirilir. Ərazidə bərpa işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yerli mütəxəssislərlə yanaşı, Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qüvvələri də cəlb olunmuş, rayonda mövcud olan bütün ağır texnika səfərbər edilmişdir.
Ərazidə sahilbərkidici bəndlər qurulur, yollar açılır, su təchizatının bərpası üçün tədbirlər görülür. Əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi, habelə bu kəndlərin şəhərlə əlaqəsi bərpa olunmuşdur. Həmçinin “Gələrsən-görərsən” istirahət zonasında dincələn turistlər də təhlükəli ərazidən çıxarılmışlar.
Hazırda Şəki Şəhər İcra Hakimiyyəti rayon fövqəladə hallar komissiyası ilə birgə baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün operativ tədbirləri davam etdirir.