SƏNGƏÇAL TERMİNALI İLƏ TANIŞLIQ XOŞ TƏƏSSÜRAT YARATDI
Əvvəlcə bp şirkətinin vitse-prezidenti Bryus Luberski və ayrı-ayrı layihələrin rəhbərləri indiyədək görülmüş işlər, qarşıda duran vəzifələr barədə jurnalistlərə ətraflı məlumat verdilər.
Bildirildi ki, 540 hektar sahəsi olan Səngəçal terminalı “Əsrin müqaviləsi” üzrə bütün layihələrin birləşdiyi sahədir. Dünyanın bu ən böyük neft terminalında hazırda 4 min nəfər çalışır, onların 80 faizi Azərbaycan vətəndaşlarıdır, bunun da yarısı Qaradağ rayonunun sakinləridir.
Səngəçal Teminalının Genişlənməsi Proqramı (STPG) üzrə bütün tikinti-quraşdırma işləri cədvəli qabaqlayır. “Qərbi Azəri” (QA) yatağında ilk neftin əldə olunması bu ilin aprelinə nəzərdə tutulsa da, ötən ilin dekabrından hasilata başlanmış, ilk neft terminala çatdırılaraq ixrac boru kəmərlərinə vurulmuşdur. Yataqda su və qazvurma kompressorunun tikintisi başa çatmışdır, hazırda istismara hazırlıq üçün sınaq işləri aparılır. Bu obyektin apreldə dənizə yola salınması gözlənilir. “Şərqi Azəri” dayaq bloku daimi yerinə yola salınaraq, uğurla quraşdırılmasına başlanmışdır. İlin sonunda platformadan hasilata başlanacaqdır. Bununla da, proqnozlaşdırıldığı kimi, cari ilin 2-ci rübündən STPG-nin Faza-2 mərhələsi işə düşəcəkdir.
“Dərinsulu Günəşli” yatağının istismarına 2008-ci ilin 2-ci rübündə başlanacaqdır. Hasilat, yaşayış, qaz və suvurma platformalarının İsveçrə və Hollandiyada tikintisi davam edir. Hər iki platforma gələn ilin oktyabrında dənizdə quraşdırılacaqdır.
Qeyd edildi ki, ən mühüm layihələrdən olan sualtı boru kəmərlərinin tikintisinə “Xəzərdənizneftdonanması”nın 21 gəmisi cəlb edilmiş, “Azərbaycan” kran barjı və “Tofiq İsmayılov” gəmisində müasir tələblərə cavab verən avadanlıq quraşdırılmış, texniki modernləşdirmə işləri görülmüşdür. İndiyədək 526 kilometr uzunluğunda boru kəməri çəkilmişdir.
Faza-1 və 2 üzrə hazırda gündə 750 min barrel neft qəbul və emal edilir. Bunun üçün hər birinin tutumu 800 min barrel olan 22 metr hündürlüyündə, futbol meydançası boyda 3 çən inşa edilmiş, ən müasir emal obyektləri inşa olunmuş, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin baş nasos stansiyası istismara verilmişdir. Kəmərə indiyədək 6 milyon barrel neft vurulmuş, Xəzər nefti artıq Türkiyədəki 2-ci nasos stansiyasını keçmişdir.
Diqqətə çatdırıldı ki, cari ilin 2-ci rübündə “Şərqi Azəri” platformasının dayaq blokunun dənizdə istismara hazırlanması, sualtı boru kəmərləri çəkilişinin tamamlanması, Faza-3 üzrə qazma, texnoloji təchizat, yaşayış platformasının dayaq tavasının Xəzərdə quraşdırılması, Faza-3 hasilat, kompressor, suvurma və texnoloji təchizat platformasının mühəndis-layihə işlərinin tamamlanması nəzərdə tutulur.
Eyni zamanda bildirildi ki, 3-cü rübdə Faza-3 qazma, texnoloji təchizat, yaşayış platformasının qazma modullarının və yaşayış bloklarının, sualtı fontan armaturlarının Bakıya çatdırılması, 4-cü rübdə isə həmin platformanın dayaq blokunun dənizə yola salınmaq üçün hazırlanması və istismara verilməsi, Səngəçal terminalında 5-ci və 6-cı texnoloji emal sistemlərinin istismar sınaqlarına başlanması da reallaşacaqdır.
Layihə rəhbərləri məlumat verdilər ki, “Azəri” yatağının istismarı layihəsinin icrasına başlanandan (Faza-1 və 2) cari ilin fevralın sonunadək 6 milyard dollar, Faza-3-lə birlikdə isə 7 milyard dollar vəsait xərclənmişdir. Bu il isə Faza-1 və 2 üzrə 0,5 milyard dollar, Faza-3 üzrə 1,3 milyard dollar vəsait sərf ediləcəkdir.
Sonra jurnalistlər terminalın obyektlərinə tanışlıq səfərinə çıxdılar. Bu nəhəng obyektdəki dünya səviyyəli qurğular, burada işçilər üçün yaradılmış rahat şərait, boz dağların ətəyində salınmış yaşıllıqlar, səliqə-sahman media mənsublarında xoş təəssürat yaratdı.