İQTİSADİYYAT
Sentyabrda Azərbaycan sahibkarlarının Perm şəhərinə biznes missiyası təşkil edilə bilər
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Rusiya Federasiyasının Perm Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə “COVID-19 və postpandemiya dövründə beynəlxalq əməkdaşlıq və Perm məhsullarının xarici ölkələrdə təşviqinin yeni formaları” mövzusunda virtual dəyirmi masa keçirib.
Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada Perm Ticarət və Sənaye Palatasının prezidenti Oleq Jdanov, palatanın vitse-prezidenti Yelena Mironova, ASK-nın baş katibinin müavini Fuad Hümbətov, Perm vilayətinin ixraca dəstək mərkəzinin rəhbəri Dmitri Vtyurin, Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının Şərqi Asiyada (Pekin şəhəri) regional nümayəndəsi Pavel Kudryavtsev və digərləri iştirak ediblər.
Tədbirdə koronavirus və postpandemiya dövründə Perm vilayətinin timsalında Rusiyanın digər ölkələr, o cümlədən Azərbaycanla qarşılıqlı biznes əlaqələrinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Perm Ticarət və Sənaye Palatasının prezidenti O.Jdanov ötən il Bakıda Azərbaycan-Perm arasında B2B formatda görüşlərin uğurla təşkil olunmasına görə ASK-ya təşəkkürünü bildirib.
F.Hümbətov pandemiya dövründə ölkəmizdə həm iqtisadi, həm də sosial sektorda qəbul edilmiş dəstək mexanizmləri, o cümlədən ən çox zərər görmüş iqtisadi sektorların fəaliyyətinin canlandırılması üçün əsas perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.
Bundan əlavə, tədbir zamanı Perm Ticarət və Sənaye Palatasının rəhbərliyi Azərbaycan Sahibkarlar Konfederasiyasının palatanı növbəti onlayn B2B görüşlərinin keçirilməsini gündəliyinə daxil etdiyini bildirib. Həmçinin ASK, Perm Ticarət və Sənaye Palatası və Rusiya İxrac Mərkəzinin təşkilatçılığı ilə cari ilin sentyabrında azərbaycanlı sahibkarların Perm şəhərinə biznes missiyasının təşkil edilməsi kimi məsələlər müzakirə olunub.
Rusiyanın nüfuzlu “RBK” televiziya kanalının müxbiri A.Maksimovun Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin hazırkı səviyyəsi və Perm bölgəsindən ölkəmizdə ixrac potensialı barədə sualını ASK-nın təmsilçisi geniş cavablandıraraq bildirib ki, hazırda ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi təxminən 3,5 milyard ABŞ dolları səviyyəsindədir, müvafiq saldo xeyli dərəcədə Rusiyanın xeyrinədir. Eyni zamanda, Perm bölgəsi neft və qaz ehtiyatları əsasında iqtisadiyyatı inkişaf və diversifikasiya etdirdiyinə görə burada xeyli həcmdə keyfiyyətli avadanlıq, neft məhsulları, maşın və sürtkü yağları, neft və qaz emalı, neft məhsulları istehsalı üzrə qurğular və kənd təsərrüfatı və inşaat sektorunda istifadə olunan material və avadanlıqlar mövcuddur və onlar həm yüksək keyfiyyətli, həm də qiymətcə münasibdir. Bu məhsulların Azərbaycana ixracı və ya Azərbaycanda istehsalının təşkili biznes baxımdan cəlbedicidir. Bundan əlavə, F.Hümbətov Azərbaycanda geniş turistik, tikinti, xidmət, kənd təsərrüfatı üzrə biznes imkanları nəzərə alaraq, müvafiq sahədə qarşılıqlı işgüzar əlaqələrin inkişafını vurğulayıb.