Serbiya və Kosovo arasındakı gərginliyin azaldılması müzakirə olunub
Belqrad, 15 dekabr, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa İttifaqının (Aİ) Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və ABŞ-ın Qərbi Balkan ölkələri üzrə xüsusi nümayəndəsi Qabriel Eskobarla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Kosovonun şimalında bu ölkədə yaşayan serblərin yollarda qurduğu barrikadaların sökülməsi və bu hadisələr fonunda son günlərdə Serbiya ilə Kosovo arasında yaşanan gərginliyin azaldılması məsələsi müzakirə edilib. A.Vuçiç Aİ və ABŞ rəsmiləri ilə dürüst və düzgün görüş keçirdiklərini bildirib.
M.Layçak da barrikadaların sökülməsi və gərginliyi azaltmaq üçün siyasi həll haqqında açıq və dürüst müzakirələrin aparıldığını qeyd edib. Q.Eskobar isə Serbiyanın Kosovoda təhlükəsizlik qüvvələrini yerləşdirməsinə qarşı olduqlarını deyib, problemin hərbiləşdirilməsi yox, dialoqla həllinin tərəfdarı olduqlarını vurğulayıb.
Qeyd edək ki, serblərin sıx məskunlaşdığı Kosovonun şimalındakı 4 bələdiyyədə dekabrın 18-nə təyin edilmiş növbədənkənar seçkilərdən əvvəl iki ölkə arasında gərginlik yenidən artıb. Kosovonun seçki öncəsi ölkənin şimalındakı bölgələrdə təhlükəsizlik qüvvələrinin sayını artırması Serbiya və Kosovo arasında gərginliyə səbəb olub. Daha sonra seçkilərin 2023-cü ilin aprel ayına təxirə salındığı açıqlanıb. Keçmiş serb polisi Deyan Pantiçin saxlanmasından sonra Kosovo serbləri ölkənin şimalında yollarda barrikadalar qurub.
Aİ, NATO və ABŞ Kosovonun şimalında gərginliyin azaldılmasına və barrikadaların sökülməsinə çağırışlar ediblər.
Belqrad