Serbiyadan mükafatı murmansklı həmvətənimiz almışdır
Bakı, 24 iyun (AZƏRTAC). E.S.Pasternak adına Murmansk Uşaq Musiqi Məktəbinin şagirdləri Serbiya Musiqi Məktəbləri Pedaqoqlarının Assosiasiyası tərəfindən təşkil olunmuş Beynəlxalq musiqi-internet müsabiqəsinin laureatları olmuşlar.
Serbiya Musiqi Məktəbləri Müəllimləri Assosiasiyası belə bir ideya irəli sürmüşdür ki, bir dərs ili ərzində müəllimin şagirdlə apardığı iş müasir dövrün ən güclü media birliyi sayılan internet vasitəsilə orijinal və dünyada bu tip yeganə müsabiqədə təqdim etdirilsin. www.musiccompetition.rs saytı şagirdlərin, tələbələrin və musiqiçilərin yaş məhdudiyyəti olmadan 29 müsabiqə nominasiyasında bilavasitə internet vasitəsilə yarışmasına imkan verən hüdudsuz məkandır.
Müsabiqənin münsiflər heyətinin üzvləri Avropa, Asiya və Amerikanın tanınmış musiqi müəllimləri, görkəmli mədəniyyət xadimləri, dirijorları, məşhur musiqiçiləri sırasından seçilir.
Milyonlarla internet istifadəçisi sayt vasitəsilə müsabiqəçilərin çıxışlarının videoyazıları və onlara verilən qiymətlərlə tanış olur.
2013-cü il müsabiqəsində 22 ölkə, 280 şəhər və 411 məktəbdən 3130 nəfər iştirak etmişdir. İştirakçılarının sayına görə “Internet Music Competition” Avropada ən kütləvi müsabiqələrdən biridir. Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Murmansk regional şöbəsinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, müsabiqədə 1-ci yeri Rusiya Federasiyasının Murmansk vilayətinin Severomorsk şəhərindən olan həmvətənimiz Səbinə Məmmədova (fortepiano, müəllimi - İ.Kadı) qazanmışdır. Sonrakı yerləri Darya Qladskix (akkordeon, müəllimi - O.Boyarinçuk), Yuliya Qorovenko və Nikita Vituseviçin fortepiano dueti (müəllimləri Q.Xomiçko və S.Smirnova) tutmuşlar.
Qeyd edək ki, musiqi məktəbinə həmvətənimiz Esfir Semyonovna Pasternakın adı verilmişdir. O, 1926-cı il sentyabrın 25-də Bakıda anadan olmuşdur. Esfir Semyonovna 1951-ci ildə dənizçi zabit olan həyat yoldaşı ilə birlikdə şimala gəlmişdir. 1952-ci ildən Severomorskdadır. 1958-ci ildən Severomorsk musiqi məktəbində işləmişdir. RSFSR-in əməkdar mədəniyyət işçisi 1968-ci ildən 2005-ci il fevralın 1-dək məktəbin direktoru olmuşdur.
E.S.Pasternak bir neçə musiqiçi nəsli yetişdirmişdir. Onun 34 şagirdi musiqini özünə peşə seçmişdir. Bəziləri musiqi məktəbində qalıb müəllim işləmişlər. 1993-cü ildə ona rəhbər və müəllim kimi yüksək ixtisas dərəcəsi verilmişdir.
Esfir Semyonovnanın fəal köməyi ilə şagirdlərin kamera orkestri və xalq çalğı alətləri orkestri yaradılmış, solo nəğmə sinfi, estetika və estrada şöbələri, praktiki musiqiçilik bölməsi və incəsənət tarixi üzrə fakültativ açılmış, “Opera fantaziyaları” və “Boldino payızı” festivalları, “Təbiətdən oktavayadək” və “Puşkinə doğru yol” vilayət müsabiqələri keçirilmişdir. O, “İstedadlı uşaqlar” məqsədli proqramının işlənib hazırlanmasında iştirak etmişdir.
Esfir Semyonovna istedadlı uşaqlar üçün öz adını daşıyan təqaüd təsis etmiş və onu bir neçə il şagirdlərə təqdim etmişdir.
RSFSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 16 yanvar tarixli fərmanı ilə E.S.Pasternaka “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir.
O, V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar “Şərəfli əməyə görə”, “Əmək veteranı” medalları, SSRİ Mədəniyyət Nazirliyinin “Əməkdə fərqlənməyə görə” nişanı, Murmansk vilayəti qubernatorunun və Severomorsk şəhəri Qapalı İnzibati-Ərazi Qurumu Administrasiyası başçısının fərmanları ilə təltif edilmişdir.
Hazırda məktəbdə dörd ümumtəhsil proqramı - “Musiqi sənəti”, “Xor sinfi”, “Estrada ixtisası. Estrada orkestri üçün çalğı alətləri” və “Ümumi estetik təhsil” proqramları üzrə 575 şagird təhsil alır.
6 yaşından 18 yaşınadək uşaqlar musiqi alətlərində - fortepiano, skripka, violonçel, akkordeon, bayan, domra, balalayka, gitara, fleyta, saksofon, klarnet, truba, valtorna və zərb alətlərində ifa sənətini öyrənirlər. Məktəbin pedaqoji kollektivi öz əsas vəzifəsini çalğı alətləri siniflərini qoruyub saxlamaqda və inkişaf etdirməkdə görür. Məktəbdə 77 yüksək ixtisaslı müəllim işləyir. Onların çoxu həm müəllimlik edir, həm də ifaçılıq fəaliyyəti göstərir.