SƏRHƏDLƏRİN DELİMİTASİYASI ÜZRƏ DÖVLƏT KOMİSSİYALARININ 10-CU BİRGƏ İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycan xarici işlər nazirinin müavini X.Xələfovun və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri A.Yakovenkonun sədrliyi ilə keçirilən birgə iclasda iki ölkənin dövlət komissiyalarının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin sərhəd rayonlarının rəhbərləri iştirak etmişlər.
İclasda razılaşdırılmamış sahələrdə dövlət sərhəd xəttinin keçməsi məsələlərinə baxılmış, habelə dövlət sərhədinin delimitasiyası üzrə əlavə normativ-hüquqi sənədlər, torpaq quruluşuna və istifadəsinə aid kartoqrafik materiallar araşdırılmış və müzakirə edilmişdir. Tərəflər komissiyaların iclasdan sonra öyrəniləcək və baxılacaq müvafiq sənədləri mübadilə etmişlər.
Dövlət komissiyaları çərçivəsində işin davam etdirilməsi və tarixi diplomatik kanallarla razılaşdırılacaq növbəti birgə iclasın Rusiyada keçirilməsi qərara alınmışdır.