SİYASƏT
Serik Maleyev: Vaşinqtonun İrəvanla müttəfiqlik münasibətləri imitasiyadır - ŞƏRH
Astana, 14 sentyabr, AZƏRTAC
Hazırda ABŞ-Ermənistan münasibətləri sözdə “bal ayı” dövrünü keçirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında tanınmış qazax jurnalisti, araşdırmaçı, publisist və “Altın Orda” media qrupunun rəhbəri Serik Maleyev deyib. Onun sözlərinə görə, onilliklər boyu təhlükəsizliyini Rusiyanın hesabına təmin edən Ermənistan müəyyən bir məqamda Moskvanın təsirindən uzaqlaşmaq qərarına gəlib və yeni müttəfiq axtarışında ABŞ-a üz tutub. “Bunun Ermənistanın özü üçün necə nəticələnəcəyi hələ məlum deyil”, - deyən ekspert əlavə edib ki, hazırda Vaşinqton İrəvanla müttəfiqlik münasibətlərini imitasiya edir.
Agentliyin həmsöhbəti vurğulayıb ki, Azərbaycan, öz növbəsində, həm ABŞ, həm də Rusiya ilə münasibətlərdə müstəqilliyini qoruyub saxlamağa imkan verən çoxvektorlu siyasət yürüdür. “Məncə, Azərbaycan üçün optimal strategiya əsas güc mərkəzləri - Rusiya, ABŞ, Avropa İttifaqı və Çin arasında balans yaratmaqdır. Görünən odur ki, Azərbaycan bu zərurəti yaxşı başa düşür”, - deyə jurnalist qeyd edib.
Serik Maleyev bəzi dövlətlər tərəfindən Ermənistana silah tədarükü ilə bağlı vəziyyəti də şərh edib. O, bunun İrəvanda revanşist əhvali-ruhiyyəni qızışdıra biləcəyini vurğulayıb: “Azərbaycan Ordusu artıq 44 günlük müharibədə öz silahlarının gücünü bariz şəkildə nümayiş etdirib. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistan ordusunu ciddi məğlubiyyətə uğradıb və hesab etmirəm ki, Ermənistan öz şansını yenidən sınamalıdır”.
“Altın Orda” media qrupunun rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanın da müttəfiqləri var. O, xüsusən Bakıya silahla yardım edən Ankaranı misal çəkib: “Təkcə Türkiyə və Azərbaycanın təzyiqi kifayət edər ki, yeni münaqişə Ermənistan üçün fəlakətlə nəticələnsin”.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana