Şərqi Aralıq dənizi Qaz Forumu çərçivəsində regional qaz bazarı yaradılacaq
Qahirə, 10 mart, AZƏRTAC
Mərkəzi qərargahı Qahirədə yerləşən Şərqi Aralıq dənizi Qaz Forumunun nazirlər səviyyəsində ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Misirin Neft Nazirliyinin məlumatında videokonfrans formatında keçirilən görüşdə Misir, Fələstin, İordaniya, Yunanıstan, Kipr, İtaliya və İsrailin enerji nazirlərinin iştirak etdiyi bildirilib.
İclasda 2019-cu ildə təsis edilmiş qaz forumu çərçivəsində regional qaz bazarının yaradılması və üzv ölkələr arasında ticarət əlaqələrinin inkişafı məsələləri müzakirə edilib. Nazirlər 2021-ci il üçün forumun fəaliyyət proqramını da təsdiq ediblər. Bundan başqa, təbii qazın karbonsuzlaşdırılması və mayeləşdirilməsi üzrə iki yeni layihənin həyata keçirilməsi üzrə razılıq əldə edilib.
Şərqi Aralıq dənizi Qaz Forumunun üzvləri daha iki ölkənin foruma qoşulması barədə müraciətlərini bəyəniblər. Fransa həqiqi üzv, ABŞ isə müşahidəçi qismində foruma qoşulmaq istədiklərini bəyan ediblər.
Misirin Neft Nazirliyinin müşaviri Osama Mubariz forumun baş katibi seçilib. O məlumat verib ki, nazirlərin növbəti iclası bu ilin sonlarında Qahirədə keçiriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə