“ŞƏRQİ AZƏRİ” PLATFORMASININ ÜST MODULLARI DƏNİZDƏ QURAŞDIRILDI
Qeyd edək ki, ŞA platforması “Azəri” yatağının şərq tərəfində suyun 150 metr dərinliyində yerləşir. ŞA platformasının dayaq bloku dənizdə 2006-cı ilin martında quraşdırılmışdı. ŞA platformasından ilk neftin 2006-cı ilin sonunadək əldə olunması planlaşdırılır. Həmin vaxta qədər isə üst modulların dənizdə nizamlanması və istismar sınaqları tamamlanacaqdır. ŞA platformasının istismara verilməsi “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə dəniz obyektlərinin neft hasilatı gücünü gündəlik 260 min barrel artıracaqdır.
bp-nin əsas layihələr üzrə vitse-prezidenti Bryus Luberskin bildirdiyinə görə, “Qərbi Azəri” və kompressor və suvurma platformalarının, eləcə də Səngəçal terminalının Faza 2 obyektlərinin uğurla istismara verilməsindən sonra bu, cari ildə faktiki olaraq uğurla yerinə yetirilən dördüncü mühüm hadisədir. “Şərqi Azəri” platformasından nefti 2006-cı ilin sonunda, sanksiya üzrə vəd verilən müddətdən bir neçə ay əvvəl hasil etmək nəzərdə tutulur. Bu, əvvəlki platformalardan əldə edilən təcrübənin uğurla tətbiq edilməsi sayəsində mümkün olmuşdur. “Şərqi Azəri” platformasından ilk neft cari ilin sonuna qədər hasil ediləcəkdir.