CƏMİYYƏT
Sərsəng su anbarının qanunsuz istismarına son qoyulmalı, bölgə ekoloji böhrandan xilas edilməlidir - ŞƏRH
![Sərsəng su anbarının qanunsuz istismarına son qoyulmalı, bölgə ekoloji böhrandan xilas edilməlidir - ŞƏRH](/files/2023/3/1200x630/16940008444527929887_1200x630.jpg)
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan torpaqları illərdir işğal altında idi. Otuz il ərzində torpaqlarımızın təbii şəraiti çox dəyişdirilib, ətraf mühitə xeyli zərər vurulub. Azərbaycanın dağlıq ərazisində qurulan və dağətəyi ərazilərin, Aran Qarabağın kənd təsərrüfatına yararlı olan Sərsəng su anbarından naxələf qonşularımız işğal müddətində bizə qarşı təhlükə mənbəyi kimi istifadə ediblər. Belə ki, ermənilər yayda Sərsəng su anbarından su buraxmayıblar, bizim əhalimiz su qıtlığından, torpaqlarımız isə quraqlıqdan əziyyət çəkib. Qış aylarında isə amansızcasına suyu açıb buraxaraq, kəndlərin, təsərrüfatların su altında qalmasına səbəb olublar. Bir yandan da Sərsəng su anbarının düzgün idarə olunmaması, digər yandan da baxımsızlığı ekoloji böhran təhlükəsi yaradır.
Bunu AZƏRTAC-a müsahibəsində “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.
“44 günlük Vətən müharibəsindən sonra anbar Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altına keçib. Anbarın üzərində qurulan su elektrik stansiyasından Xankəndidə yaşayan ermənilər istifadə edirlər. Biz Qarabağda yaşayan erməni vətəndaşların nazı ilə oynadıqca onlar başqa cür hərəkət etməyə başladılar. Sanki Sərsəng su anbarı vasitəsilə bizi təhdid edirlər. Ermənilərin 30 ildir davam edən ekoloji cinayətlərinin qarşısı birdəfəlik alınmalıdır. Biz ekoloji təşkilatların nümayəndələri bəyanat yayaraq həm ölkə rəhbərliyindən, həm də digər qurumlardan xahiş etdik ki, bununla bağlı ciddi ölçü götürsünlər. Sərsəng su anbarının qanunsuz istismarına son qoyulması və bölgənin ekoloji böhrandan xilas edilməsi üçün tutarlı addımların atılması vacibdir”, - deyə Q.İbrahimli bildirib.