ŞƏRUR OLİMPİYA-İDMAN KOMPLEKSİNDƏ SON TAMAMLAMA İŞLƏRİ GÖRÜLÜR
Naxçıvan, 20 aprel (AZƏRTAC). Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur Olimpiya İdman Kompleksinin tikintisində işlərin gedişi ilə maraqlanmışdır.
Burada Ali Məclisin sədrinə məlumat verilmişdir ki, hazırda son tamamlama işləri aparılan obyekt istifadəyə verildikdən sonra ölkəmizdə ən möhtəşəm idman komplekslərindən biri olacaqdır.
Artıq Olimpiya İdman Kompleksinə daxil olan dördmərtəbəli, otuz otaqlı mehmanxana binasının inşası başa çatmışdır. Ölkəmizin müxtəlif bölgələrindən, xarici ölkələrdən yarışlara gələn idmançılar burada qalacaqlar.
Kompleksdə Azərbaycan idmanının inkişafı üçün böyük xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevə həsr olunmuş panno qurulmuş, xüsusi guşənin yaradılması nəzərdə tutulmuşdur. Burada ulu öndərin və Prezident İlham Əliyevin idmançılara göstərdikləri diqqət və qayğını, eləcə də Azərbaycanın idman həyatındakı uğurlarını əks etdirən fotoşəkillər toplanacaqdır.
Qapalı üzgüçülük hovuzunda hidrotexniki sistem qurulur, divarlar kaşı ilə üzlənir. 3500 nəfər tamaşaçı tutacaq futbol meydançasına süni yaşıl örtük döşənmiş, qaçış zolağı salınmışdır. Hazırda stadionun tribunalarında oturacaqlar qoyulur, elektron lövhənin qurulması üçün hazırlıq işləri aparılır.
Vasif Talıbova burada tikiləcək digər obyektlər barədə də məlumat verilmişdir.
Ali Məclisin sədri inşaatçılara kompleksin həyətinin və binaların işıqlandırılması, yağış sularının axıdılmasının təmin edilməsi, yaşıllaşdırma işlərinin aparılması, örtülü idman zalında mühafizə torunun çəkilməsi və digər məsələlərin həlli ilə bağlı tapşırıqlar vermişdir.